Tarixi Zəfərimizin memarına səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov, təşviqat qrupunun üzvləri Vaqif Şadlinski, Asəf Zamanov, şəhid atası Şahin Sadıqov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, bu gün qalibiyyət rəmzi olan üçrəngli bayrağımız işğaldan azad edilmiş bütün tarixi torpaqlarımızda qürurla dalğalanır. Vaxtilə qarşıya qoyduğumuz ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması məqsədinə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qəhrəmanlığı sayəsində nail olmuşuq. Bu gün doğma Azərbaycanımız sürətli inkişaf edir və daha yüksək uğurlara doğru inamla addımlayır.

Natiqlər çıxışlarında bütün seçiciləri seçkilərdə fəal olmağa və qalib xalqın qalib Lideri olan İlham Əliyevə səs verməyə çağırıblar. “Tarixi Zəfərimizin memarına səs verək!”,-deyə vurğulanıb.

Seçicilər isə bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcəklər, müzəffər Ali Baş Komandan, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri olan Lider İlham Əliyevə səs verəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir