Qərbi Azərbaycan İcmasında gənclərlə görüş keçirilib

Martın 16-da Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

Tədbiri açan İcmanın Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Ramin Məmmədov gəncləri salamlayıb və sözü Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə verib.

İdarə Heyətinin sədri ötən əsr ərzində Qərbi azərbaycanlıların deportasiyalarını xatırladıb, onların bu gün öz doğma yurdlarına qayıdış uğrunda əzmlə mübarizə apardığını vurğulayıb. Sədr bu həqiqətlərin geniş yayılması, tarixi ədalətin öz yerini tapması, Qərbi azərbaycanlıların ata-baba yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtması uğrunda gənclərin icmaya öz dəstəklərini ifadə etməsi və təşkilatın ətrafında birləşməsini yüksək dəyərləndirib.

Daha sonra çıxış edən Gənclər Şurasının üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolunun əhəmiyyətini, bununla bağlı onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Şuranın üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev gənclərin doğma torpaqlarımıza qayıdış uğrunda görülən işlərin mühüm komponenti olduğunu, İcma tərəfindən həyata keçirilən tədbirlər və layihələrdə iştiraklarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Deputat qeyd edib ki, Qərbi azərbaycanlılar Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində öz evlərinə qayıtmaq düşüncəsi ilə yaşayır və o günün gələcəyinə inanırlar.

Gənclər Şurasının üzvü, İcmanın Nəzarət-Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Şahin İsmayılov Azərbaycan gəncinin hər zaman fəal olduğunu, irili-xırdalı bütün tədbirlərdə gənclərin təkanverici qüvvəsinin əvəzsiz rol oynadığını diqqətə çatdırıb. Deputat Qərbi Azərbaycanla bağlı aparılan işlərdə, tariximizin nəsildən-nəslə ötürülməsində gənclərin rolunun əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, gənclərlə iş sahəsində öz bilik və təcrübələrini icmanın gənc üzvləri ilə bölüşməyə, onlara fəaliyyət istiqamətləri üzrə konkret dəstək verməyə həmişə hazırdır.

Gənclər Şurasının sədr müavini Amin Tağıyev çıxışında gəncləri bu müqəddəs amal uğurunda və ümummilli məsələdə daha fəal olmağa çağırıb.

Gənclər Şurasının üzvləri Ramin Həbibzadə, Fariz Cəfərov, Rəna Qafarova, Namiq Muradov, Bayram Aslanov, Ülviyyə Əsgərli, Sevinc Hacıyeva və başqaları öz maraqlı fikir və təkliflərini bildiriblər. Gənclərin sualları ətraflı cavablandırılıb.

Tədbir gənclərin sualları, təklifləri və fikirləri əsasında aparılan interaktiv fikir mübadiləsi ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir