“Düzgün peşə – Uğurlu Karyera” layihəsinə start verilib

“Düzgün peşə – Uğurlu Karyera” layihəsi Kəlbəcər rayon 55 nömrəli tam orta məktəbi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində həyata keçirilməyə başlayıb.

Layihənin açılış mərasimi və ilk iki təlim 23 yanvar 2024-cü il tarixində keçirilmişdir. Açılış mərasimində Kəlbəcər rayon 55 nömrəli tam orta məktəbin direktoru Səməd Nadirov çıxış edərək qonaqları və məktəbliləri salamlamış, məktəbin uğurları barədə qısa məlumat verərək sözü layihə rəhbəri Orxan Hümbətzadəyə ötürmüşdür. Orxan Hümbətzadə layihənin məqsədi və vəzifələri barədə çıxış etmişdir. Layihənin əsas məqsədinin məktəblilərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarət olduğu qeyd edilmişdir.

Daha sonra Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi Hikmət Yusifov çıxışında məktəblilərə layihənin əhəmiyyəti və Dövlət Məşğulluq Agentliyinin bu istiqamətdə fəaliyyətindən bəhs etmişdir.
İlk təlimdə təlimçi Selcan Əlibəyova və psixoloq İlahə Şahverdiyeva məktəblilərlə tanış olmuş, onlara layihənin əhəmiyyətini anlatmış, məktəblilər özləri barədə çıxış etmişdir. İkinci təlimdə isə artıq karyera inkişafı baxımından düzgün peşə seçiminin əhəmiyyəti, məktəblilərə ilkin olaraq düzgün peşə seçimi anlayışı, onun müsbət tərəfləri, düzgün peşə seçimində məktəblilərin psixoloji vəziyyətinin, ətraf-mühitin dəstəyinin vacibliyi barədə təlim keçilmişdir.

Təlimçi və psixoloq tərəfindən təlimlər interaktiv davam etmiş, məktəblilərin düşüncələri, peşə seçimləri öyrənilmiş, növbəti təlimlərdə cavablandırmaqları üçün suallar ünvanlanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir