İdman ölkəsinin daha bir uğuru, daha bir töhfəsi

Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bakı şəhərinin 2026-cı il üçün “Dünyanın idman paytaxtı” seçilməsinin başlıca səbəblərindən biri də  məhz budur. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası tərəfindən daxil olan rəsmi məktubda da əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyətə toxunulub, bu hal yüksək qiymətləndirilib.

İctimai.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, YAP idarə Heyətinin üzvü Şahin İsmayılov Bakının 2026-cı il üçün “Dünyanın idman paytaxtı” seçilməsinə münasibət bildirərkən deyib.

Şahin İsmayılov bildirib ki, Azərbaycanın idman siyasəti bu sahəyə sistemli yanaşma ilə xarakterizə olunur: Müstəqilliyin ilk illərində Ulu Öndər Heydər Əliyev tərəfindən Gənclər və İdman Nazirliyinin yaradılması gənclər və idman siyasətində dönüş nöqtəsi oldu. Prezident İlham Əliyev də idman siyasətinin daha da güclənməsi istiqamətində müstəsna fəaliyət göstərir. Idmanın inkişafı üçün ciddi maddi-texniki baza yaradılmışdır. Paytaxtda və regionlarda onlarla olimpiya idman kompleksləri inşa edilib, özəl sektor üçün idman obyektlərinin yaradılmasına şərait yaradılıb, əksər parklarda idman qurğuları yerləşdirilib, stimullaşdırıcı tədbirlər görülüb.

Deputat əlavə edib ki, Azərbaycanın bu sahə üzrə beynəlxalq müstəvidə əldə etdiyi uğurlar həm idmançılarımızın qələbələri, həm də dünya miqyasında keçirilən idman tədbirlərinə ev sahibliyi ilə əhatə olunub: Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan yalnız idman sahəsində deyil digər sahələrdə də dünya üçün əhəmiyyət kəsb edən qlobal tədbirlərin keçirilməsinə öz töhfəsini verib. Bu, ölkəmizin qlobal səviyyədə etibarlılığını və qəbul edildiyini göstərir. Dünya ictimaiyyətində, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycana inam var. İkili standartlar, müəyən qüvvələrin kampaniyaları bu inamı sarsıda bilmir. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan “Dünyanın idman paytaxtı” kimi də öz missiyasını uğurla həyata keçirəcək və dünya idman cəmiyyəti üçün daha bir töhfə verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir