Deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yeni uğurlara imza atacaq

Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha parlaq gələcəyinə və yeni uğurların qazanılmasına heç bir şübhəsi yoxdur. Çünki, ötən dövrdə görülən işlər, aparılan məqsədyönlü siyasət və əldə olunan uğurlar göz qabağındadır. Məhz buna görə də, insanlar Prezidentə güvənir, Prezident isə bu inamdan güc alır. Fevralın 7-də keçirilən seçkinin nəticəsi də bunun bariz nümunəsidir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimində çıxışı özündə bir çox məsələləri ehtiva edirdi. Çıxışına Azərbaycan xalqına təşəkkürünü ifadə edərək başlayan Prezident ardınca bir sıra vacib məqamlara toxundu. Prezidentin toxunduğu məsələlərin hər biri kifayət qədər ciddi və önəmli idi. Bunların bir qismi bu günə qədər görülən işlərlə bağlı olsa da böyük bir qismi gələcək hədəflərə işarə edən məsələlərdir. Gələcək planlar təbii ki, bütün sahələr üzrə yeni çağırışlara uyğun olaraq işlərin görülməsini əhatə edir. Cənab Prezidentin özünün də dediyi kimi, 2003-cü ildə verdiyi bütün vədlər yerinə yetirilib. Azərbaycan öz ərazi bütövlüyünü öz gücünə bərpa edən qalib dövlətə, dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaşa, regionda aparıcı aktora çevrilib. Azərbaycan xalqı dövlət siyasətinin mərkəzində durur. Bütün sahələrdə əldə olunan uğurlar dostlarımızı sevindirib, düşmən və onların havadarlarını qəmə boğub. Azərbaycan xalqı heç bir şübhə etmədən inanır ki, yeni hədəflər də əldə olunan uğurlara çevriləcəkdir.

Şahin İsmayılov bildirib ki, ötən illər ərzində görülən işlərin miqyası olduqca böyükdür. Bütün bu işlərin görülməsi möhkəm iradə, əzm, hərtərəfli siyasət, vaxtında verilən düzgün qərarlar və atılan məqsədyönlü addımların sayəsində reallığa çevrilib. Bir məsələni xüsusi olaraq vurğulamaq istəyirəm ki, cənab Prezidentin andiçmə mərasimində bu günə qədər görülən işlərlə bağlı səsləndirdiyi fikirlər tarixi xatırlatmaq məqsədini daşımırdı. Bunların hər biri gələcək işlər üçün açılan üfuqlərə, davamlı nəticələrə işarə edirdi. Prezidentin çıxışı konseptual, proqram xarakterli idi. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik dövrünün bu günə qədər olan hissəsi, tarixi uğurlar və böyük nailiyyətlərlə yadda qalıb. İndi isə Dövlətçilik tariximizin yeni səhifəsi başlayıb və bundan sonrakı dövr yeni hədəflərlə xarakterizə olunur. Biz artıq qələbələrə öyrəşmiş xalqıq. Ötən dövrün davamı olaraq yeni qələbələrə də inanırıq. Bu inamın mənbəyi ölkə başçısının fəaliyyəti, xalqın ona olan güvəni bu inamın sarsılmazlığıdır. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yeni uğurlara imza atacaq və hər gün daha güclü Azərbaycanın vətandaşı olacağıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir