Deputat: Bütün bunlar “Böyük Qaydış”ın uğurla icrasına xidmət edir

Füzuli şəhərinə növbəti köç karvanı yanvarın 22-də yola düşüb. Daha 30 ailə – 106 nəfər öz yurd-yuvasına qovuşacaq. Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 25 ailə – 89 nəfər Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən, Beyləqan və Füzuli rayonunda məskunlaşmış 5 ailə – 17 nəfər isə məskunlaşdıqları ərazidən yola salınıb. Beyləqan və Füzuli rayonunda məskunlaşmış 5 ailə Füzuli rayonunun Əhmədbəyli kəndində 25 ailənin olduğu köç karvanına qoşularaq bir yerdə ata-baba yurdlarına hərəkət edəcəklər. Qeyd edək ki, bu köç də nəzərə alınmaqla Füzuli şəhərinə 440 ailənin (1625 nəfər) köçürülməsi təmin olunacaq.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Şahin İsmayılov Gununsesi.info-ya bildirib ki, bu gün Azərbaycan Prezidentinin əsas hədəfi işğaldan azad edilmiş ərazilərin ən qısa zamanda bərpa edilib orada həyatın öz əvvəlki məcrasına dönməsidir.

Şahin İsmayılov

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun ən qısa zamanda bərpa olunub “Böyük Qayıdış” proqramının yüksək səviyyədə həyata keçirilməsi daima diqqət mərkəzindədir və cənab Prezident həyata keçirilən layihələrin icra vəziyyəti ilə bağlı davamlı olaraq işğaldan azad edilmiş bölgələrə səfər edir. “Cənab Prezident və Birinci vitse-prezident öz həyatlarında əlamətdar günləri belə Qarabağ və Şərqi Zəngəzurda qeyd edirlər. Artıq bu bir ənənə halını alıb. Bütün bunlar “Böyük Qaydış”ın uğurla icrasına xidmət edir”. – o qeyd edib.

Deputat əlavə edib ki, təkcə 2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən 5 milyard 588 milyon manat vəsait ayrılıb: “2024-cü ildə isə işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərinə 4 milyard manata yaxın vəsait ayrılacaq. İndiyədək isə 10 milyard manatdan artıq vəsait ayrılıb. Məhz bunun nəticəsində işğaldan azad edilmiş ərazilərdə ən qısa zamanda genişmiqyaslı nəhəng tikinti, infrastruktur işləri həyata keçirilib. Artıq keçmiş məcburi köçkünlərin bir qismi öz ata yurdlarına dönüb və bu proses davam etməkdədir. Həyata keçirilən məqsədyönlü proqramlar nəticəsində 2026-cı ildək 150 minədək keçmiş məcburi köçkünün öz ata yurdlarına dönməsi nəzərdə tutulur.

Həyata keçirilən siyasət təkcə insanların geri dönməsi deyil, eyni zamanda geri dönən vətəndaşlarımızın daimi işlə təmin olunması məsələsidir. Bu istiqamətdə də ciddi layihələr icra olunmaqdadır. Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialından faydalanaraq həm ora dönən insanlar üçün daimi işlə təmin olunmasına nail olmaq, həm də işğaldan azad olan ərazilərin iqtisadi potensialının ölkə iqtisadiyyatının gücünə əlavə güc qatmasına nail olmaq əsas məsələdir. Bu istiqamətdə də kompleks tədbrilər planı həyata keçirilməkdədir. Ən əsası da Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji” bölgəsinə çevirməklə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində verdiyi töhfələrə əlavə güc qatmaqdır. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq artıq dünyanın ən iri enerji şirkətləri işğaldan azad olunan bölgələrdə bərpaolunan alternativ enerji layihələrinə böyük həcmdə investisiya yatırmaqdadırlar.

Digər məqam isə Qarabağ və Şərqi Zəngəzurun logistik və turizm mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdir. Artıq bu istiqamətdə də ciddi uğurlara imza atılıb. Bütün bunlar nəinki işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın iqtisadi inkişafının dayanıqlılığının təmin olunmasına xidmət edir. Ölkə başçıısnın yürütdüyü məqsədyönül və konkret hədəflərə xidmət edən siyasi fəaliyyəti nəticəsində “Böyük Qayıdış” proqramı uğurla icra olunacaq”.

O, həmçinin bildirib ki, yürüdülən məqsədli siyasət nəticəsində özəl sektorun da “Böyük Qaydış” proqramına öz töhfəsini verməsinə nail olunacaqdır: “Artıq Hadrut qəsəbəsində, Daşaltı kəndində və Ağdam şəhərində bir neçə layihə özəl sektor tərəfindən icra edilməkdədir. Cənab Prezident yanvarın 10-da yerli mediaya verdiyi müsahibəsində də özəl sektor təmsilçilərinə çağırış edərək, onların Qarabağa və Şərqi Zəngəzura daha fəal investisiya layihələrində iştiraka dəvət edib. Ölkə başçısının dediyi kimi, dövlət öz üzərinə düşən vəzifəni icra edəcək, keçmiş məcburi köçkünləri qaytaracaq. Amma Qarabağda və Şərqi Zəngəzurda ancaq o bölgədən çıxmış insanlar yaşamamalıdır. Azərbaycanın istənilən yerindən insanlar orada yaşamaq üçün imkanlara malik olmalıdır. Cənab Prezidentin söylədiyi kimi, Bakıdan, Sumqayıtdan və digrə rayonlardan oraya gedib yaşamaq istəyənlər özünə ev, mənzil, torpaq alıb yaşasın. Təbii ki, bunu dövlət etməyəcək. Amma özəl sektor bu istiqamətdə çox iş görə bilər. Ağdam şəhərində indi özəl sektor çoxmərtəbəli bir yaşayış kompleksi inşa edir, kim istəyir gedib ondan ev alıb yaşaya bilər. Daşaltı və Hadrutda da belə layihələr icra edilməkdədir. Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzura qayıdışla bağlı kompleks tədbrilər planı hazırlanıb həyata keçirilməkdədir. 2024-cü ildə bu istiqamətdə çox böyük işlər görüləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir