Bir Millət iki Dövlət

Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün unudulmaz ve dünya durdugca yaşayacag nümunədir.Ulu öndərimizin türk xalqları arasında şöhrəti, nüfuzu hər zaman diqqətçəkici olmuşdur.Hələ Naxçivan Muxtar Respublikası Ali Məclisin Sədri ikən, Azərbaycanda müstəqil dövlət quruculuğunun ilk və əsas tədbirlərini həyata keçirən, Naxçıvanın erməni işğаlından xilası, ağır böhran durumundan qurtarılması üçün fədakarlıqla səy göstərən, bütün çətinliklərə əzmlə dözüb vəziyyətdən çıxış yolları tapan Heydər Əliyev ilk növbədə Naxçıvanı blokadadan çıxarmaq üçün qardaş Türkiyə Cümhuriyyəti ilə əlaqələrin qurulmasına çox önəm verirdi.

Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə səfərləri, dövlət və hökumət başçıları ilə görüşləri və müzakirələri nəticəsində Naxçıvana yollar açmaq, əhalini aclıq və soyuqdan qorumaq mümkün oldu. Heydər Əliyevin Türkiyənin Baş naziri, sonra isə prezidenti Süleyman Dəmirəllə möhkəm dostluğa və qardaşlığa çevrilən xoş münasibətləri sayəsində 24 mart 1992- ci il tarixində Ankarada Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu imzalandı. İstiqlaliyyət qazanmış türk xalqları arasında tarixi mənəvi bağların, iqtisadi, siyasi və humanitar əlaqələrin qurulması və genişləndirilməsində dövlət başçılarının mütəmadi görüşlərinin böyük əhəmiyyəti olduğunu vurğulayan Heydər Əliyev bu sahədə məhz Türkiyə Cümhuriyyəti tərəfindən verilən dəstəyi yüksək qiymətləndirirdi. Xüsusilə də, Prezident Turqut Özalın 1992-ci ildə Ankarada yeni bağımsızlıq qazanmış türk cümhuriyyətlərinin dövlət başçılarının ilk Zirvə görüşünün xalqlarımızın qarşılıqlı əlaqələrinin daha da zənginləşməsində faydalı başlanğıc olduğunu qeyd edirdi.

Qardaş Türkiyə Cümhuriyyəti ilə əlaqələrə həmişə çox böyük əhəmiyyət verən Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanı, bununla da Azərbaycanı Türkiyə ilə bağlayan Araz çayı üzərində “Ümid” körpüsünün tikintisinə başlandı. Təməli 1991-ci il oktyabrın 29-da – Türkiyə Cümhuriyyətinin quruluş günündə atılan bu körpü 1992-ci ilin mayın 28-də Azərbaycan Respublikasının Milli bayramı gününüdə artıq “Vüsal” körpüsü kimi Heydər Əliyevin və Süleyman Dəmirəlin iştirakı ilə təntənəli surətdə açıldı. Bu açılış Azərbaycan – Türkiyə münasibətlərində yeni bir mərhələnin də təməlinin qoyulması idi. Heydər Əliyev bütün sahələrə olduğu kimi, xüsusilə təhsilə də böyük önəm verirdi və Azərbaycan gənclərinin Türkiyədə təhsil almasını çox vacib və gərəkli hesab edirdi. Onun 1992-ci ilin mart ayının 22-24-də Türkiyə Cümhuriyyətinə səfərinin yekunu olaraq imzalanmış işbirliyi Protokolunda da bu mühüm milli əhəmiyyətli məsələyə xüsusi yer ayrılmışdı. Burada iqtisadi, sosial və mədəni əlaqələrlə yanaşı, daha bir maddə – hər il 100 nəfər naxçıvanlı gəncin Türkiyənin ali təhsil ocaqlarında təhsil alması maddəsi də yer almışdı. Heydər Əliyevin bu təşəbbüsü həmin dövrdə Naxçıvan əhalisinin ərzaq, enerji və sair həyati zəruri ehtiyacları qədər lazımlı idi, belə ki, cəmiyyətdə baş verən böhranlı proseslər təhsil sahəsinə də ağır zərbə vurmuşdu. Eyni zamanda, blokada şəraiti naxçıvanlı gənclərin Azərbaycan Respublikasının ali məktəblərində təhsilə müntəzəm davam etmələrinə də ciddi əngəllər törətmişdi. Belə bir şəraitdə Türkiyə universitetlərinin qapısının açılması və Azərbaycanlı tələbələrin təhsilinin və yaşamının həmin dövlət tərəfindən qarşılanması olduqca böyük imkan idi. Bu əsil qardaşlıq köməyi idi.

Türkiyə Respublikasının Prezidenti Turqut Özal və Türkiyə Respublikasının Baş naziri Süleyman Dəmirəl ilə Heydər Əliyev arasında keçirilən görüşlər zamanı əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələləri müzakirə olunmuş, Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı məsələlərə də toxunulduğunun da altını çizmək lazımdır. Vurğulamaq lazımdır ki, Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycan Respublikasında hakimiyyətə qayıdışından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında və dünya siyasətinə inteqrasiyasında, ölkəmizin siyasi-iqtisadi, elmitexniki, mədəni-mənəvi maraqlarının formalaşdırılıb reallaşdırılmasında atdığı mühüm addımlar sırasında qardaş Türkiyə Cümhuriyyəti ilə münasibətlərin daha yüksək səviyyədə və etibarlı təməllər üzərində qurulmasına çox böyük önəm verməsi idi. Heydər Əliyev ölkəmizin Türkiyə ilə münasibətlərə necə böyük əhəmiyyət verdiyini ilk günlərdən bəyan edərək deyirdi ki, bizim ölkələrimiz – Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdənəsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır. İndi Azərbaycan Respublikası müstəqil dövlətdir və müstəqil dövlət olaraq öz ölkəsinin, xalqının, öz sərvətlərinin sahibidir. Azərbaycan Respublikasının müstəqilliyini dünya ölkələri arasında ilk dəfə Türkiyə tanımışdır. Bu isə o vaxt Azərbaycanın dünya dövlətləri, dünya birliyi tərəfindən tanınmasında çox böyük addım olmuşdur. Prezident Heydər Əliyevin 8-11 fevral 1994-cü il tarixlərində Türkiyə Cümhuriyyətinə rəsmi səfəri ölkələrimizin qarşılıqlı əlaqələrinin tamamilə yeni məcrada və yeni keyfiyyətdə qurulmasına və inkişafına zəmin yaratdı. Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisi milli-mənəvi dəyərlərimizin tarixən ortaqlığını, xalqlarımızın mədəniyyətinin, incəsənətinin, musiqisinin, bütünlükdə mənəvi dünyasının bir-biri ilə təbii-tarixi qarşılıqlı əlaqədə olduğunu da əks etdirir.

Hazırda Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş qardaşlıq münasibətləri özünün ən yüksək mərhələsindədir. Bu isə Prezident İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən siyasətinin birbaşa nəticəsidir. Ulu Öndər Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq hər iki ölkə geniş təsir imkanları olan, qarşılıqlı fayda gətirən, regionda sülh və əmin-amanlığa xidmət göstərən bir çox layihələr üzərində işləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olar. Bizim gücümüz birliyimizdədir və bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik” mövqeyi əməkdaşlığımızın əsas prinsiplərindəndir. Ulu Öndər Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” tarixi formulu zamanın çətin sınaqlarından keçərək öz doğruluğunu, həyatiliyini, zəruriliyini, gərəkliliyini, hər keçən gün daha da perspektivliliyini nümayiş etdirməklə etnik kökləri, dili və mənəviyyati, adət-ənənələri bir olan xalqlarımızın birliyinin və birlikdə inkişaf və tərəqqisinin təməl daşıdır.

Bakı Slavyan Universiteti

Dos.A.A.Axundova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir