Qarabağda quruculuq işləri sürətli templə gedir

30 illik erməni işğalına 44 gün ərzində son qoyan Azərbaycan artıq postmüharibə dövrünü yaşayır. Erməni vandallarının viranəyə çevirdiyi cənnət Qarabağımızda bərpa və quruculuq işləri aparılır. Qarabağın bərpasına diqqətin bariz nümunəsi kimi Füzuli aeroportunu göstərə bilərik. Prezident İlham Əliyevin 2021-ci ilin yanvarın 14-də təməlini qoyduğu hava limanının qısa müddətdə, nəzərdə tutulan vaxtdan da əvvəl istifadəyə hazır olması Azərbaycan dövlətinin gücünün, iradəsinin və əzmkarlığının nümunəsi hesab edilə bilər. Füzuli Beynəlxalq Hava Limanı bölgənin inkişafına töhfə verəcək. Qarabağ turizm baxımından Cənubi Qafqazın cənnəti hesab edilir və ölkəmizə səyahət edəcək turistlərin əsas axını da bu regiona yönələcək. Qarabağın incisi hesab olunan Şuşa şəhərinə gəlmək istəyən, Kəlbəcərin füsünkar təbiəti, ekoturizm imkanları, İstisu kurortuna üz tutan xarici turistlər Füzuli limanından istifadə etməklə səyahətlərini gerçəkləşdirmiş olacaqlar. Eyni zamanda, liman Qarabağa sərmayələrin cəlb edilməsində, dayanıqlı məşğulluğun təmin olunmasında da mərkəzi tranzit rolunu oynayacaq. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının istifadəyə verilməsi tarixi-siyasi əhəmiyyət daşıyır.

Belə ki, Zəngilan Hava Limanı Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Zəngəzur dəhlizinin də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, həm sərnişin, həm də beynəlxalq yükdaşımalar baxımdan Zəngilanda hava limanına ehtiyac var idi. Zəngilan ilə Füzuli Hava Limanının iqtisadi göstəriciləri demək olar eynidir. Hava limanları uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kvadratmetrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişinlərə xidmət göstərək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq.

Sosial, iqtisadi infrastrukturun formalaşdırılması, yolların çəkilməsi, elektrik enerjisi, qaz, su təchizatı ilə bağlı layihələr həyata keçirilir. Artıq Şuşa “Qoruq və Mədəniyyət Mərkəzi” statusu müəyyən edilib,  Ağdam ilə bağlı baş plan hazırlanıb. Maliyyə mənbələrinin şaxələndirilməsi  məqsədilə qəbul edilən qərarlar,  o cümlədən “Qarabağ Dirçəliş Fondu”nun yaradılması,  fərqli mənbələrdən vəsaitlərin bu prosesə cəlb edilməsi, xarici sahibkarlıq subyektləri və investorlar ilə aparılan müzakirələr,  onların müəyyən mərhələlərdə bu prosesə cəlb edilməsi düşünürəm ki, əslində Qarabağın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edən addımlardır. Burada xüsusilə iqtisadi, sosial mühit üçün vacib olan məsələlərdən biri də məhz texniki və siyasi təhlükəsizliyin təmin edilməsidir.

Bunu son dövrlərdə atəşkəsin pozulması, erməni hərbi qüvvələrinin destruktiv davranışı və başqa amillər də tələb edir. Yaxşı haldır ki, bu istiqamətdə tədbirlər görülür. Məsələn, minalanmış ərazilərin bəzilərinin xəritələri Azərbaycana təqdim edilib. Xəritələr imkan verir ki, həmin ərazilərin minalardan təmizlənmə prosesi daha sürətli şəkildə icra olunsun.

Mediada yayılan məlumatlardan bizə  məlumdur ki, artıq  həmin ərazilər  üçün xüsusi bir zona statusnun verilməsi və yaxud həmin ərazilərə xüsusi güzəştlərin, fiskal və vergi güzəştlərinin verilməsini nəzərdə tutan, təşviq mexanizmlərini özündə əhatə edən layihə üzərində konkret iş gedir: “Ümid edirəm ki, bu layihə dövlət, özəl və xarici investisiyaların həmin bölgəyə yönləndirilməsini stimullaşdırılacaqdır”.

Doğma torpaqlarımızın düşmən tapdağından azad olunmasının il dönümü hər bir Azərbaycan vətəndaşına fəxarət və qürur hissi verir. Bu, ölkəmiz, xalqımız üçün çox böyük uğurdur.

Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı, Laçın, Qubadlı-Eyvazlı, Füzuli-Ağdam yolları ən müasir standartlar səviyyəsində inşa olunur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 km-dən artıq olacaq. Bu yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur.

Ermənilər işğal dövründə ölkəmizin meşə fonduna da ciddi ziyan vurub, ağacla dolu olan 60 min hektara yaxın sahəni, meşə fondunu məhv ediblər.

Qarabağda qısa müddət ərzində həyata keçirilən bərpa işləri sözün əsl mənasında heyrət doğurur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqribən 6 ay əvvəl Zəngilan Beynəlxalq Hava Limanının açılışında söylədiyi çıxış nitqində heyrətini belə dilə gətirmişdi: “İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ən müasir ikinci hava limanını açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyil”.

30 il əvvəl zorla yerdindən-yurdundan didərgin salınan məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq üçün gün sayır. Onlar ölkə rəhbərliyinə, eləcə də Dövlət Komitəsinə son dövrlərdə ünvanladıqları yüzlərlə müraciətdə nəinki oraya qayıtmaq, həmçinin quruculuq işlərində fəal iştirak etmək istədiklərini bildirirlər.

MEHMAN MUSAYEV

Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının fəalı,

AAYDA Magistral Yolların İstismarı və Təmiri Şöbəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir