“MƏN ONA ÖZÜM QƏDƏR İNANIRAM VƏ GƏLƏCƏYİNƏ BÖYÜK ÜMİDLƏR BƏSLƏYİRƏM”

Ümummilli lider, Ulu öndər Heydər Əliyev dünyanı heyran qoyan böyük siyasətçi olmaqla yanaşı, həm də, böyük müəllim, dahi təbliğatçı və mükəmməl natiq idi. O, verdiyi ideyanı ideologiyaya çevirməyi və həmin ideologiyanın kütlə tərəfindən mənimsənilməsini təmin etməyi bacarırdı. Ulu öndər xüsusi çevik üsul və metodlarla elə etdi ki, qısa müddətdə azərbaycançılıq ideologiyası Azərbaycanın başlıca milli-siyasi ideologiyasına çevrildi. Qısa müddətdə Azərbaycanda bu ideologiya mənimsənildi və ölkəmizdə vətəndaşlıq hissi, vətənpərvərlik ruhu artı, etnik separatçılığa son qoyuldu.

Ulu öndər dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni zamanda, onun varisliliyini də təmin etdi. Əgər bu olmasaydı, əldə olunan bütün nailiyyətlər  dağılıb gedər, xalq, dövlət naminə görülən işlər yarımçıq qalardı.

Odur ki, hər hansı bir dövlətin var olması üçün mütləq ideoloji-siyasi varislilik lazımdır. Bunu bilən Ulu öndər Heydər Əliyev 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına tarixi müraciətində: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” – söyləməklə, dövlətçiliyimizin siyasi-ideoloji varisliliyini də təmin etmiş oldu.

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb.

Qətiyyətli, praqmatik lider, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin pozulmuş ərazi bütövlüyünün bərpası idi. Odur ki, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib.

Müstəqil Azərbaycan dövlətinin özünün ərazi bütövlüyünü təmin etmək üçün Qarabağda apardığı və uğurla başa çatdırdığı antiterror hərəkatı Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüquq normalarına tam uyğundur. Azərbaycan Respublikasının ərazisi daxilində qanunsuz olaraq yerləşdirilmiş Ermənistanın separatçı hərbi birləşmələrinin Azərbaycan Ordusu tərəfindən tərksilah edilməsi və silah-sursatlarını təhvil verməklə Qarabağdan çıxarılması regionda sabitliyin və gələcək inkişafın təmin edilməsi üçün atılmış zəruri addımdır. Qəhrəman Ordumuzun Qarabağda antiterror əməliyyatı zamanı mülki əhaliyə heç bir zərər yetirməmək və yerli erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi tədbirlər, yalnız separatçı hərbi birləşmələrə və onların hərbi obyektlərinə zərbələr vurması bütün dünyaya dövlətimizin yüksək humanizmini əyani şəkildə təqdim edir.

Qarabağda antiterror əməliyyatının cəmi bir gün ərzində bütün hədəflər üzrə reallaşdırılması və uğurla başa çatdırılması Azərbaycan və dünya hərb tarixinin nadir hadisəsidir.

Azərbaycan xalqı əmindir ki, həyata keçirilən qanuni antiterror əməliyyatından sonra bu gün Qarabağın erməni əhalisi ilə aparılan danışıqlar da Prezident İlham Əliyevin sülhsevər diplomatiyasının daha bir təntənəsi olacaq, Qarabağda uğurla başa çatdırılmış aniterror əməliyyatı regiona və dünyaya yeni reallıqların gətirilməsinə yol açacaqdır. Məhz bu böyük və mühüm hərbi-tarixi hadisə ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin tam və qəti qələbəsini təmin etmişdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 20 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.

Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Şahkərəm Mirzəməmməd oğlu Məmmədov,

Bakı Slavyan Universiteti, İbtidai təhsil kafedrası

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir