Deputat: Prezident İlham Əliyev növbəti dəfə Fransaya dərs keçdi

Prezident İlham Əliyev növbəti dəfə Fransaya dərs keçdi

Azərbaycanın dünyada artan nüfuzu Bakını qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi dialoq mərkəzinə çevirib. Eyni zamanda onu da vurğulamalıyıq ki, Azərbaycan Prezidenti yalnız lokal xarakterli deyil, qlobal xarakterli problemlərin də həllinə səy göstərən və bu istiqamətdə uğurlu fəaliyyəti ilə seçilən dövlət başçısıdır. Martın 14-də Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu da buna bir nümunədir. Aparıcı beynəlxalq konfranslardan birinə keçirilən Forumda dövlət və hökümət başçıları da daxil olmaqla 68 ölkədən 400-dən çox qonaq iştirak edirdi. Bu və Forumun qlobal əhəmiyyətli gündəliyi müzakirələr üçün münbit şəraitin yaradılmasına dəlalət edir.

Forum həm də Prezident İlham Əliyevin çıxışında toxunduğu məsələlərlə yadda qaldı. Cənab Prezident bir sıra vacib məqamlara diqqət çəkərək bir daha həqiqətləri bəyan etdi. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası kimi geosiyasi dəyişiklikdən söz açaraq Azərbaycanın daim sülh tərəfdarı olduğunu, torpaqlarımızı işğal altında saxlayan ölkənin və onlara havadarlıq edən qüvvələrin isə haqlı mübarizəmizdə bütövlükdə məğlub olmasını ifadə etdi. Uzun illər ərzində sülhün əldə olunması üçün çalışdığımızı dünya ictimaiyyətinin nəzərinə çatdıran Ali Baş Komandan ardınca əlavə etdi ki, biz ədalətin zəfər çalmasını istəyirdik, əfsuslar olsun ki, bu, sülh yolu ilə baş vermədi. Qalib ölkənin başçısının bu fikri Azərbaycanın döyüş meydanında nümayiş etdirdiyi güc ilə yanaşı humanist dəyərlərə sadiqliyini ifadə edir. Müharibə düşmən və onun havadarlarının sülh və əminamanlığa biganəliyi, ədalətsiz mövqeyinin nəticəsində baş verdi.

Prezident İlham Əliyev növbəti dəfə Fransaya dərs keçdi. Mövzu ədalət, humanist dəyərlər və mübarizlik. Cənab Prezident ikili standartları bir cümlə ilə ifadə edərək bildirdi ki, Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır. Qısa zaman ərzində 5 dəfə Azərbaycana qarşı qərəzli davranışlarını biruzə edib haqlı mübarizəsinə qarşı məsələlərin BMT-nin Təhlükəsizlik Şurasın çıxarılmasına, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə cəhd edən uğursuz Fransa sonda heykəl boyamaqla cılızlığını göstərdi. Sonda xüsusilə vurğulamaq lazımdır ki, parçalanmış dünyanın bərpası İlham Əliyev kimi dəyərlərə sahib olan liderlərin üzərinə düşür. Sülh və ədalətə qarşı olan qüvvələrin isə qlobal problemlərin həllinə maneçilik törətməkdən başqa bir missiyası yoxdur. Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün siyasətin sayəsində Azərbaycanın beynəlxalq müstəvidə rolu hər gün artmaqdadır. Azərbaycan xalqı bütün məsələlərdə Prezidentin arxasındadır.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üvzü Şahin İsmayılov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir