Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır ŞƏRH

Azərbaycan müstəqil dövlət olaraq iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirərək müstəqil siyasət aparır. Müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini, məhz enerji siyasəti təşkil etmişdir. Azərbaycan öz daxili enerji təhlükəsizliyini təmin etməkə yanaşı, dost, tərəfdaş olan bir çox dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə də mühüm töhfələr verir. Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu göstərmiş oldu. Dövlətlərarası münasibətlərin, yüksək həmrəyliyin və strateji tərəfdaşlığın nəticəsidir ki, belə bir Memorandum imzalanıb. Bolqarıstanın Avropa İttifaqına, Mərkəzi və Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyan “Həmrəylik Halqası” ölkələr arasında uğurlu və sıx əməkdaşlığın qurulmasının göstəricisidir. Prezident İlham Əliyev Anlaşma Memorandumunun imzalanması mərasimində çıxışında “Bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq” – deyə bildirib. Dövlət başçısı keçirilən mərasimin əməkdaşlığımızın gücləndirilməsində atılan növbəti addım olacağını diqqətə çəkib. Qeyd edək ki, ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdı. “Onun əsasında, biz 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qazı çatdırdıq, bu il isə 12 milyard kubmetri hədəfləyirik. Beləliklə, həmin həcm bu il üçün planlaşdırdığımız 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək. Təbii ki, qaz hasilatı və ixracımız artacaq. Çünki biz hasilatı mövcud qaz yataqlarında artıracağıq və gələn illərdə isə yeni yataqlarda təbii qazın hasilatını gözləyirik” – deyə dövlətimizin başçısı qeyd edib. Müasir dünyamızda Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Eyni zamanda cari ildən qaz Rumıniyaya da çatdırılır. Cənab Prezident çıxışında bildirib ki, bu ilin sonundan etibarən, biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq.

Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq müqavilələr imzalanmışdı, amma “Əsrin müqaviləsi”nin imzalanması, məhz Azərbaycan iqtisadiyyatını irəliyə doğru aparan amillərdən birinə çevrildi. 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. “Tam həqiqətdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzaladı. Sonradan həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bir sözlə, bu gün biz XXI əsrin layihəsini həyata keçiririk və onun miqyası genişlənir”, – deyə Prezident çıxışında vurğulayıb. İyirmi ildən artıqdır ki, Azərbaycanın xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaş olduğunu bildirən Cənab Prezident neft-kimya məhsulları və elektrik enerjisi, həmçinin ixracımızın bir hissəsi olduğunu vurğulayıb. Azərbaycan fəal enerji layihələrini uğurla davam etdirərək, coğrafiyasını ilbəil genişləndirir. Azərbaycanın Qərblə iqtisadi və strateji əməkdaşlığının möhkəmlənməsində neft-qaz amilinin böyük rolu var. Məhz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətə görə ölkəmizin Qərbdə etibarlı müttəfiq imicini yaradıb. Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında Azərbaycanın önəmli yer tutmasına geniş imkanlar açıb.

Əvəz Qocayev,

YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir