Azərbaycanın əzəli torpağı olan Qarabağ uğrunda ölkəmiz zaman-zaman çox qanlı və əzablı yollardan keçmiş, bir çox soyqırımlara, düşmən vəhsiliyinə tuş gəlmişdir. Lakin xalqımızın əzmi heç zaman qırılmamış, həmişə qələbəyə inam və ümidlə zəfərin qazanılacağı günün gələcəyini gözləmişdir. Azərbaycan xalqı öz qətiyyətini nümayiş etdirmək üçün Cənab Ali Baş Komandanın əmrini illərlə gözləmişdir. Çünki xalqımız öz liderinin nəyi nə zaman və necə edəcəyini bildiyinə sonsuz dərəcədə inanır və onu qəlbən dəstəkləyirdi.
Mübariz İbrahimovun şücaəti, qorxmazlığı 2010-cu ildə gənclərimizə bir qığılcımdan vətən oğullarının nələrə qadir olduqlarını göstərdi. Vətənimizin ərazi bütövlüyü uğrunda 90-cı illərdə şəhadətə yüksəlmiş şəhidlərimizin, sağlamlıqlarını itirmiş qazilərimizin və öz yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizin qisasının alınması üçün hər bir azərbaycanlının qəlbində zəfər eşqi yaşayrdı. 2016-cı ildə isə Aprel Döyüşləri bir növ Qarabağ savaşının ikinci mərhələsinin, 44 günlük müharibənin siqnallarını verirdi.
Xalq arasında son zamanar belə fikir yaranmağa baslamışdı ki, artıq gənc nəsildə döyüşkənlik ruhu qalmayıb, çətin ki, cavanlar torpaq uğrunda döyüşə gedər. Lakin 44 günlük müharibə zamanı ölümün gözünə gülə-gülə baxaraq, qorxmaz, mərd oğullarımız əsl qəhrəmanlıq nümunələri göstərərək, şəhidlik zirvəsinə ucaldılar, öz sağlamlıqlarını qurban verərək qazi oldular, qəhrəman oldular, dövlətə, xalqa, millətə sədaqətlərini təcəssüm etdirdilər və dünya ölkələri qarşısında zəfərdən qəhrəmanlıq abidəsi yaratdılar. İllərdir ki, düşmən tapdağında qalmış torpaqlarımızı qaytardılar. Səbrlə, təmkinlə və ağılla siyasət yürüdən ölkə başçımızın qətiyyəti və milli ordumuzun yenilməz cəsarəti qarşısında duruş gətirə bilməyən Ermənistan bu ilin sentyabrında həyata keçirirlən antiterror əməliyyatları zamanı dərk etməyə başladı ki, Azərbaycan çox güclü dövlətdir, heç kəsdən asılı olmayan, özü öz siyasi xəttini cızaraq öz cığırında şərəflə addımlayan bir ölkədir.
Ölkəmizin ərazi bütövlüyünü bərpa edən bu müharibə, döyüş və əməliyyatlar zamanı Azərbaycan əsgərinin, zabitinin göstərmiş olduğu şücaət onların prezidentə, onun siyasətinə olan dəstəyin bariz nümunəsidir. Hörmətli Prezidentimiz Cənab İlham Əliyev haqlı olaraq xalqa inanını və etibarını dilə gətirmişdir. Çünki xalq və ordu birliyi ölkə liderinin arxasını söykəyəcəyi nəhəng bir istehkama çevrilmişdir.
Fatimə Vəliyeva
Bakı Slavyan Universiteti