Tarixin müxtəlif dövrlərində hər bir xalqa mənsub dahi insalar olmuş, xalqın tərəqqisində, inkişafında özününə məxsus iz qoymuşlar. Bu insanların yeri, uzaqgörənliyi illər, əsirlər, qərinələr keçsədə əvəz edilməz olaraq qalır. Heydər Əliyev irsi Azərbaycan xalqının ən zəngin mənəvi sərvəti, xəzinəsidir. Onun həyata keçirdiyi əsrarəngiz siyasəti nəticəsində əldə olunan nailiyyətlər göz qabağındadır.
Ölkənin maddi və mənəvi tərəqqisi ilk növbədə cəmiyyətin dinamik təbəqəsi hesab edilən gənclərdən, onların sosial-psixoloji durumundan, həyat və əmək fəaliyyətindən asılıdır. Cəmiyyətin mütərəqqi inkişafında, hər tərəfli şəkildə təkmilləşdirilməsində gənclərin böyük rolu vardır. Gənc nəsil ölkənin, xalqın, millətin gələcəyi, cəmiyyətin bünövrəsi, dövlətin inkişafının, yüksəlişinin əsas meyarıdır. Bu səbəbdən cəmiyyət tərəqqi etmək istəyirsə dövlət gənclər siyasətini düzgün müəyyənləşdirməlidir.
Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin zəngin irsində gənclər siyasəti mühüm yer tutur. İstər hakimiyyətinin birinci dövründə, istər ikinci dəfə rəhbərlik etdiyi dövrlərdə Dahi lider elmə, təhsilə, milli-mənəvi dəyərlərə, gənclərin tərbiyəsinə xüsusi diqqət ayırmış, bu sahədə mühüm fərman və sərəncamlar imzalamışdır. Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan gəncliyi Azərbaycanın işıqlı gələcəyi olaraq təhsildə və digər sahələrdə mühüm addımlar atmış, vətənini layiqincə təmsil etmiş və tanıtmışlar
Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdirdi. Eyni zamanda gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərmanlar, sərəncamlar və dövlət proqramları imzalandı. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərmişdir.
Dahi liderimiz gəncləri öz diqqət mərkəzində saxlayaraq söyləyirdi: “Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır”. Həqiqətən də Azərbaycanın mütərəqqi gələcəyi iti zəkası, uğurlu düşüncəsi, fitri istedadı, zəngin biliyi olan gənclərin əlindədir.
Əsası Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti – ölkə gənclərinin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən müvafiq ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir. Bu siyasətin əsas məqsədi yaşı 29 –dək olan insanların istər fiziki, istər əqli, istərsə də mənəvi inkişafına hər tərəfli şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılması istiqamətində mühüm addımlar atmaqdan ibarətdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının gənclər siyasətinin geniş spekteri gənclərin təhsili, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili, şəxsi problemlərinin həlli, hüquqlarının müdafiəsi, ölkənin ictimai-siyasi, mədəni həyatında iştirakı, gənclər təşkilatlarının fəaliyyəti, beynəlxalq əlaqələri və s. ilə bağlı məsələləri əhatə edir.
Heydər Əliyev xalqımızın adət-ənənələrinin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını və onların öyrənilməsini hər bir azərbaycanlının müqəddəs borcu sayırdı. Ulu öndər yaxşı bilirdi ki, gənc nəslin düzgün tərbiyə olunması, düzgün istiqamətlənməsi və yaxşı təhsil alması ilk növbədə xalqın milli-mənəvi dəyərlərini öyrənməkdən başlayır. Məhz bu səbəbdən də yetişməkdə olan gənc nəslin mənəvi tərbiyəsinin möhkəmləndirilməsi məsələsini dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab edirdi. Heydər Əliyev müstəqillik qazandıqdan sonra gənclərlə bağlı irəli sürdüyü ideyalar onların mənəvi inkişafına, tərəqqisinə yönəlmiş siysət idi və bu ideyalar artıq konkret işlərdə öz əksini tapmağa başlamışdır. Gənclər siyasəti sahəsində təmin edilmiş sabit tərəqqi, dövlət gənclər siyasətinin də milli hüquqi-qanunveriçilik bazasını formalaşdırmış və Azərbaycan tarixində gənclərlə bağlı vahid dövlət siyasəti həyəata keçirilməsinə zəmin yaratmışdır.
Müstəqil Azərbaycan Respublikasının həyatında 1996-cı il fevralın 2-də gənclərinin birinci forumunun keçirilməsi müstəsna əhəmiyyətə malik bir hadisə idi. Forum müstəqil Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində gənclərin fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirmiş və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb olmuşdur. Həmin forumda Ulu Öndər Heydər Əliyev nitqində demişdir: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”..
Azərbaycan Gənclərinin Birinci Ümumrespublika Forumundan bir il sonra 1997-ci il fevralın 1-də isə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı sərəncamla fevralın ayının 2-si Azərbaycan gəncləri günü elan edilmişdir.
Dahi liderimiz Heydər Əliyevin gənclərə qayğısı bunlarla kifayətlənmirdi. Ölkənin siyasi-iqtisadi, milli-mənəvi, mədəni həyatında gənclərin fəal iştirakı təmin edilmiş, sosial-mənəvi ehtiyaclarının ödənilməsi, cəmiyyətə layiqli vətəndaş kimi formalaşmaları üçün mühüm şəraitin yaradılması, bütövlükdə gənc nəslə diqqət və qayğının artırılması istiqamətində yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsipləri müəyyənləşdirilmiş, təhsil sahəsində mühüm addımlar atılmış, gənclərin xarici ölkələrdə təhsil almaları üçün şərait yaradılmışdır.
Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illəri dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində mühüm dönəmlərdən hesab etmək olar.
Bu gün Ulu öndərimizin qoyduğu miras müasir dövrdə də öz aktuallığını qoruyur. Ata siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev hər bir sahədə olduğu kimi, ölkə gənclərini də diqqətdən kənar qoymur, hər bir vəchlə onlara dəstək, qayğı göstərir, gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Respublikamızda gənclərin milli-mənəvi inkişafı, onların vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Bakı Slavyan Universiteti
Cəfərova Səbinə Namiq qızı