Site icon

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılovun “Azərbaycan” qəzetinə  açıqlamasını olduğu kimi təqdim edirik:

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin möhkəm təməllər üzərində qurub yaratdığı müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə davamlı və dayanıqlı tərəqqi yolunda inamla addımlayaraq qüdrətli və qalib dövlətə çevrilib. Sabitliyin və əmin-amanlığın ən yüksək səviyyədə təmin edildiyi Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi böyük nüfuz qazanıb.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qəzetimizə açıqlamasında bildirib ki, ölkəmizin milli maraqlarına əsaslanan məqsədyönlü və qətiyyətli siyasət tarixi qələbələrimizin əldə olunmasına yol açıb: “2020-ci il 27 sentyabr tarixində torpaqlarımızın azadlığı uğrunda başlayan Vətən müharibəsi parlaq Zəfərlə yekunlaşdı. Prezident-xalq-ordu birliyinin təcəssümü olan 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın müdrik və qətiyyətli sərkərdəliyi, rəşadətli ordumuzun nümayiş etdirdiyi yüksək peşəkarlıq və böyük şücaət əzəli torpaqlarımızın işğaldan azad edilməsini, tarixi ədalətin bərqərar olmasını təmin etdi. 2023-cü ildə bir gün davam edən antiterror tədbirləri ilə ölkəmizdə separatizmin kökü kəsildi, dövlət suverenliyimiz tam bərpa edildi”.

Ş.İsmayılov qeyd edib ki, inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycan bu gün tarixin ən nəhəng bərpa-quruculuq işlərini də uğurla icra edir. Vətən müharibəsindən dərhal sonra azad edilmiş torpaqlarımızda genişmiqyaslı quruculuq və bərpa prosesinə start verilib: “Təbii ki, bu mərhələdə prioritet istiqamət Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıdışının təmin edilməsidir. Ötən beş ildən çox müddət ərzində qüdrətli Azərbaycan dövləti “Böyük qayıdış” proqramının uğurlu icrası istiqamətində mühüm addımlar atır. Otuz il Vətən həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı istiqamətində sistemli iş həyata keçirilir, müasir infrastruktura malik şəhər, qəsəbə və kəndlər inşa olunur. Azərbaycan Respublikasının Prezidentinin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə yaradılan Əlaqələndirmə Qərargahı işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli istiqamətində səmərəli fəaliyyət həyata keçirir”.

Komitə sədri vurğulayıb ki, Qarabağda və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə məsələlərə kompleks yanaşma tətbiq olunmaqla, iqtisadiyyatın ayrı-ayrı sahələri inkişaf etdirilir, eləcə də kənd təsərrüfatı, sənaye müəssisələrinin yaradılması, sosial, ekoloji, şəhərsalma, nəqliyyat, mədəniyyət və digər mühüm istiqamətlərdə önəmli layihələr uğurla icra olunur.  İşğal dövründə tamamilə dağıdılmış şəhər və kəndlər yeni inkişaf modelinə uyğun olaraq müasir urbanizasiya prinsipləri əsasında qurulur. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi bu bölgənin ölkəmizin ən müasir və innovativ regionlarından birinə çevrilməsinə zəmin yaradır.

Ş.İsmayılov deyib ki, tarixi torpaqlarımızda həyat yenidən canlanır, yeni yaşayış məntəqələrinə köç edən sakinlər doğma yurdlarında firavan və təhlükəsiz ömür sürürlər: “Bu gün digər milli bayramlarımız kimi, Novruz artıq 6-cı ildir doğma torpaqlarımızda da qeyd olunur, bayram tonqalları qalanır.  Beləliklə, öz gücü hesabına tarixi ədaləti bərpa edən qüdrətli Azərbaycan dövləti öz imkanları hesabına keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını da uğurla təmin edir”.

Exit mobile version