Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevral ayının 25-də imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb. Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib. Memorial dörd bölmədən ibarətdir. İşğaldan azad edilən Xocalıda ucaldılan Memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir ziyarətçiyə çatdıracaq. Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır.
Prezident İlham Əliyevin öz ailə üzvləri ilə birlikdə Xocalı soyqırımının ildönümünü məhz Xocalıda xocalılarla birlikdə keçirməsi “Qarabağ Azərbaycandır!” reallığının dünyaya növbəti təsdiqidir. Həmin gün Xocalıda Soyqırımı Memorial Kompleksinin açılışı isə ədalətin təntənəsidir. Soyqırımı Kompleksinin təməli dövlət başçımızın iştirakı ilə Xocalı sakinləri ilə birlikdə iki əvvəl qoyulmuşdu. Memorial Kompleksin açılış mərasiminin Xocalı soyqırımının ildönümündə məhz Xocalıda keçirilməsi xüsusi siyasi əhəmiyyətə malikdir. Bu tarixi hadisə və Soyqırımı Kompleksi xalqımızın silinməz yaddaşının təcəssümü olacaq. Dövlət başçısı bu mərasimi tarixi ədalətin bərpasının növbəti mərhələsi kimi təqdim etmişdir. O, vurğulamışdır ki, Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı törədilmiş ağır cinayətdir və bu hadisəyə görə məsuliyyət birbaşa Ermənistanın üzərinə düşür.
Prezident İlham Əliyev çıxışında 1992-ci ilin fevralında baş verən qətliamın miqyasına toxunaraq 600-dən çox mülki şəxsin, o cümlədən qadın və uşaqların amansızlıqla qətlə yetirildiyini qeyd etmiş, itkin düşən şəxslərin taleyinə diqqət çəkmişdir. Bu faktların sadalanması çıxışın emosional və hüquqi yükünü artıraraq hadisənin soyqırımı mahiyyətini ön plana çıxarmışdır. Beynəlxalq müstəvidə aparılan mübarizədən danışan Prezident İlham Əliyev, Azərbaycan dövlətinin və ictimai qurumların Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işləri vurğulamışdır. Xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd edən dövlət başçısı Fondun təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyasının mühüm rol oynadığını bildirmişdir. Bu təşəbbüsün Leyla Əliyeva tərəfindən həyata keçirildiyini xüsusi olaraq vurğulamışdır. Prezident qeyd etmişdir ki, məhz bu sistemli fəaliyyət nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını rəsmən tanımışdır.
Çıxışın mühüm hissələrindən biri ədalətin mərhələli şəkildə təmin olunması ideyası olmuşdur. Prezident bildirmişdir ki, beynəlxalq tanınma prosesi bir mərhələ idi, Vətən müharibəsində əldə olunan Zəfər ikinci mərhələ oldu, Xocalı şəhərinin azad edilməsi isə tarixi ədalətin bərpasında həlledici addımlardan biri kimi qiymətləndirilməlidir. Nəhayət, müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması ədalətin hüquqi müstəvidə təsdiqi kimi təqdim edilmişdir.
2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi tam təmin olundu və separatizmə son qoyuldu. Bununla da 30 ilə yaxın davam edən işğal və qeyri-müəyyənlik dövrü başa çatdı. Dövlətin suveren iradəsi və ordunun gücü sayəsində Azərbaycanın bütün ərazilərində konstitusiya quruluşu bərpa olundu.
2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalıda Azərbaycan Bayrağını qaldırması isə tarixi ədalətin ən parlaq təzahürlərindən biri oldu. Bu hadisə təkcə siyasi akt deyil, həm də milli qürurun, şəhidlərin ruhuna ehtiramın və gələcəyə inamın rəmzi idi. Xocalı, Xankəndi və digər şəhərlər azad olunmadan qələbənin tam sayıla bilməyəcəyini bildirən dövlət başçısının sözləri məhz həmin gün öz təsdiqini tapdı.
Bu gün azad Xocalıda ucaldılan memorial kompleks gələcək nəsillərə tarixi həqiqətləri çatdıracaq, soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirəcək və bir daha belə faciələrin təkrarlanmaması üçün yaddaş abidəsi olacaq. Xocalıda anım mərasiminin keçirilməsi və memorialın açılışı Azərbaycanın tarixi ədaləti bərpa etməsinin, milli birliyinin və güclü dövlətçilik iradəsinin təntənəsidir. Bu hadisə göstərdi ki, xalqın yaddaşı, dövlətin qətiyyəti və ordunun gücü birləşdikdə, ən ağır faciələr belə nəhayət öz ədalətli həllini tapır.
Müşfiq Səfərov,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
