Site icon

“Korupsiyaya qarşı mübarizədə Rəqabət Məcəlləsinin rolu” mövzusunda növbəti tədbir Şamaxı şəhərində təşkil edilib

Ciddi siyasi qərarlar və qanunlar o zaman səmərəli olur, cəmiyyətin ehtiyaclarını və xalqın iradəsini ifadə edir ki, onun mahiyyətini maraqlı tərəflər düzgün başa düşsün. Sui-istifadə hallarına verilməsin, hüquqların müdafiə imkanları geniş olsun, əhalinin maraqları nəzərə alınsın.

Bu, eyni zamanda ölkədə demokratiyanın, insan hüquqlarının təminatının və vətəndaşların ictimai həyatda iştirakının göstəricisi kimi vacibdir.

Ölkəmizdə korrupsiyaya qarşı ardıcıl mübarizə aparılır, praktik hüquqi mexanizmlərlə yanaşı qanunvericilik daima təkmilləşdirlir.

Bu baxımdan AR Rəqabət Məcəlləsinin qəbul edilməsi ciddi siyasi və hüquqi addımdır.

Qanunun məzmununun, mahiyyətinin, tətbiqi qaydalarının sahibkarlar, məmurlar, ziyalılar arasında izahı korrupsiya hallarının azalmasına təsir edə biləcək amillərdəndir.

Bu məqsədlə AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi “Koorupsiyaya qarşı mübarizədə Rəqabət Məcəlləsinin rolu” mövzusunda növbəti tədbir Şamaxı şəhərində təşkil edilmişdir.

Tədbiri giriş sözü ilə açan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının müavini Etibar Muradlı ölkəmizdə bazar münasibətlərinin inkişafına göstərilən qayğıdan, cənab Prezidentimiz İlham Əliyevin ölkəmizin iqtisadi inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışdı. 2025-ci ili Konstitusiya və Suverenlik ili adlandırılmasının səbəblərini qeyd etdi. E. Muradlı Şamaxı rayonunda sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şəraiti diqqətə çatdırdı.

“Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri BDU-nun dosenti, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərov həyata keçirilən layihənin mahiyyətini, məqsədini izah etdi. Bildirdi ki, ölkənin beş regionunda keçirilən tədbirlər nəticəsində əhali dövlətin antiinhisar, antikorrupsiya siyasətinin mahiyyətini daha dərindən anlayacaq, qəbul edilən Məcəllə ilə tanış olacaq, sahibkarlarla dövlət orqanlarının, QHT-lərin, media subyektlərinin əlaqə və əməkdaşlığı genişlənəcəkdir. İnhisarçılıq və korrupsiya halları azalacaqdır.

KOBİA-nın Dağlıq Şirvan regional koordinatoru Cavanşir Məhərrəmov regionda kiçik və orta sahibkarlığın inkişafı üçün təmsil etdiyi Agentliyin fəaliyyətindən, görülən tədbirlər haqqında məlumat verdi. Bildirdi ki, ictimai təşkilatların həyata keçirdiyi maarifləndirmə tədbirləri sahibkarların məlumatlandırılmasına, ümumi iqtisadi inkişafa kömək edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kafedra müdiri, iqtisad elmləri doktoru, professor İrşad Kərimov Rəqabət Məcəlləsinin qəbulu zərurətindən, onun iqtisadi inkişafımızda, mülkiyyət münasibətlərinin formalaşmasında rolundan, ədalətli rəqabət mühitinin yaradılmasının əhəmiyytindən geniş məlumat verdi.

Bildirdi ki, qanunun düzgün, səmərəli və birmənalı tətbiqi onun mahiyyətinin əhali tərəfindən düzgün anlaşılmasından çox asılıdır. Belə tədbirlərin 5 regionda deyil, Azərbaycanın əksər rayonlarında keçirilməsini, prosesə iqtisadçıların, hüquqşünasların, insan hüquqları müdafiəçilərinin cəlb edilməsini təklif etdi.

Layihənin eksperti, hüquqşünas Aydın Kərimov “Korrupsiya imtiyazların və güzəştlərin qanunsuz mənimsənilməsi, ədalətli rəqabətin qarşısının alınması mexanizmi kimi” mövzusunda çıxış etdi, iqtisadi sahədə korrupsiya hallarının azaldılması üçün Rəqabət Məcəlləsinin verdiyi imkanları izah etdi. Bildirdi ki, dövlətin həyati keçirdiyi antikorrupsiya, antiinhisar tədbirlərə ictimai dəstək gücləndirilməli, ictimai nəzarət mexanizmləri təkmilləşdirilməlidir.

Bəxşeyiş Əsgərov AR Cinayət Məcəlləsində olan “İnhisarçılıq hərəkətləri və rəqabətin məhdudlaşdırılması” adlı 199-cu maddənin mahiyyətini izah edərək bildirdi ki, Məcəllənin tələbinə görə rəqabət mühitinin məhdudlaşdırılması, eləcə də inhisarçılıq cinayət əməli kimi qiymətləndirilir.

İqtisadiyyat Nazirliyinin Dağlıq Şirvan regional bölməsinin rəhbəri Azər Qasımov tədbirin əhəmiyyətini, tədbirdə alınan informasiyanın sahibkarların, məmurların Rəqabət Məcəlləsinin mahiyyətini dərk etməsinə, iqtisadiyyatın inkişafına kömək edəcəyini qeyd etdi. Regionun digər bölgələrində də belə maarifləndirmə işinin aparılmasına ehtiyac olduğunu vurğuladı.

Azərbaycan Beynəlxalq Bankı Şamaxı filialının əməkdaşı Fuad Qurbanlı antiinhisar siyasətinin düzgün aparılması, korrupsiyanın azaldılması üçün regionlarda sahibkarlara hüquqi və maliyyə-mühasibat sahəsində xidmət göstərəcək mərkəzlərin yaradılması təklifi ilə çıxış etdi.

Tədbir zamanı iştirakçılar sorğu anketlərini cavablandırdılar, ehtiyacları qeyd etdilər.

Tədbir iştirakçılarına Korrupsiyaya qarşı mübarizə və Antiinhisar qanunvericiliyinə aid normativ materiallar paylandı.

İştirakçıların çoxsaylı sualları cavablandırıldı, işgüzar müzakirələr aparıldı.

Exit mobile version