Ümummilli Lider, varlığı azərbaycançılıqla bağlı olan böyük Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi xalqımız üçün ibrət məktəbidir. İkinci dəfə  hakimiyyətə gələn Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının əsasını qoymuş, üçrəngli müqəddəs bayrağı yüksəklərə qaldırılmış, inkişaf yollarını müəyyənləşdirmişdir. «Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır»… «Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam»  deyən dahi Öndər doğma Vətəninə sonsuz sevgisini misilsiz xidmətləri ilə sübut edərək, azərbaycançılığı millətimizin qəlbinə təlqin etmişdir.

 Heydər Əliyev 1969-cu ildə ölkənin rəhbərliyinə gəldiyi ilk günlərdən gələcəkdə doğma Azərbaycanın  müstəqil dövlət olduğunu düşünərək, onun inkişafı üçün nahəng işlər görməyə başlamışdır. Bunun nəticəsidir ki, XX əsrin 70-ci illəri Azərbaycan cəmiyyəti üçün intibah dövrü olmuş, həmin dövrdə xalqımızın milli dirçəlişi başlamış, milli özünüdərketmə  güclənmişdir. O dövrün milli dircəlişi 1991-ci ildə müstəqillik qazanmağımıza ciddi təkan vermişdir.

 Müasir Azərbaycanın memarı Heydər Əliyev Azərbaycanın müstəqiliyinin təmin edilməsində bir çox mühüm amillərlə yanaşı azərbaycançılıq məfkürəsinin inkişafını  ümdə olan  məsələlərdən hesab edirdi. Bu ideologiyanın bərqərar olmasında xalqın milli ruhunun, milli təfəkkürün güclənilməsi zərurətini anlayan dahi Liderimiz bu işdə məktəbin və o cümlədən, müəllimin rolu əvəzsiz hesab edirdi. Azərbaycançılığı, dövlətçiliyi qorumaq üçün böyüyən nəsil bəşəri dəyərlərin mənimsəməsi milli zəmin üzərində qurulmalıdır, uşaqlar milli adət-ənənələr ruhunda tərbiyə olunmalıdır. 

  «Məktəbi olmayan millətin inkişafı yoxdur » prinsipini əsas götürən Ulu Öndər, «Təhsil millətin gələcəyidir» demiş, məktəbin inkişafı üçün mühüm addımlar atmış, azərbaycançılığın təmin olmasında məktəbin, təhsilin həlledici rolunu hər zaman vurğulamışdır. Millətin müəllimin simasında inkişaf edəcəyini görən Heydər Əliyev demişdir «Müəllim dünyada ən yüksək addır. Mən şəxsən müəllimdən yüksək ad tanımıram». Ümummilli Liderimiz öz fikrini belə əsaslandırmışdır «Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır». Azərbaycançılıq məfkurəsinin təbliğində müəllimi mühüm qüvvə hesab edən Ulu Öndər bu işdə müəllimin funksiyalarını müəyyən etmişdir «Azərbaycan müəllimin bir məqsədi, bir amalı olmalıdır. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli dövlətə çevirməyə qadir, müstəqil ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq, müasir tələblərə cavab verən, sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək».

Azərbaycançılığın metodologiyasını xalqımızın zəngin milli adət- ənənələri, mənəvi dəyərlər təşkil edir. Adət – ənənələr nəsillər arasında rabitə funksiyasını yerinə yetirərək, xalqın ruhunu ifadə edən, onun genetik qaynağı olan  və eyni zamanda xalqın kimliyini qoruyan möhkəm vasitələrdir. Bu vasitələr milli ideologiyanın, azərbaycançılığın həm qoruyucu, həm də inkişafetdirici, möhkəmləndirici qüvvəsidir. «Azərbaycan xalqı öz tarixinə, öz milli ruhuna, öz milli ənənələrinə sadiq qalmış və bu duyğuları, bu hissləri qəlbində qoruyub saxlamışdır».

                 Ümummilli Lider Heydər Əliyevə görə milli ideologiyanın təməlini təşkil edən azərbaycançılığın, milli dövlətçiliyin başlıca rəmzlərindən biri ana dili idi. Dahi Liderin qurub – yaratdığı doğma Azərbaycanda xalqın mədəni, intellektual, milli-mənəvi inkişafını ana dilinin sayəsində, bu dilə hörmət və mükəmməl yiyələnməsində görürdü. «Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımızda bu azərbaycanlığı anadangəlmə qəbul etmişik» deyən Ulu Öndər ana dilimizi xalqın mənliyinin ayrılmaz, qırılmaz parçası kimi göstərirdi və mükəmməl dövlətçilik konsepsiyasında milli dil siyasətinə böyük önəm verilirdi. Dahi azərbaycanlının azərbaycançılıq təliminin əsasını ana dili təşkil edirdi. Burada onun dil haqqında dediklərini xatırlamaq yerinə düşər: «Millətin milliliyini saxlayan onun dilidir… Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailliyətlərimizdən biridir. Bu, təkçə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir».

 Gənc müstəqil respublikanın ən çətin və təhlükəli dövrlərində xalqın tələbi ilə hakimiyyətə gələn dahi Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdı, onu qısa bir zamanın  kəsiyində nüfuzlu bir ölkəyə çevirdi. Ölkədə stabillik, əmin-amanlıq, inkişaf, rifah hökm sürməyə başladı, xalqın birliyinə nail olundu, dövlətçilik ənənələrinin formalaşması üçün möhkəm zəmin yarandı. Dünya azərbaycanlıların I Qurultayında gənc respublikanın inkişaf konsepsiyasını, onun siyasi gündəliyini səciyyələndirərkən, Ulu Öndər milli dövlətçiliyinin, vahid, bölünməz Azərbaycanın qoruyucu bünövrəsi, mənəvi təməli olan milli ideologiyanın vacibliyini vurğulamışdır  «Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycanlığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq». Dahi Liderimizin bu tezisi, xalqın gələcəyinə hədəflənmiş və bu çağırışı Azərbaycan cəmiyyətinin etnokulturoloji mövcudluğunun disturudur.

 Ümummilli Liderimizin dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə, onların qorunub-saxlanmasına, inkişaf etməsi və təbliğ olunmasına böyük önəm verirdi. Xalqın ruhunu, onun zəngin mənəviyyatını təcəsüm etdirən bu vasitələrin milli dövlətçiliyinin qorunması və möhkəmlənməsində çox əhəmiyyətli hesab edirdi. Heydər Əliyevin nadir strateji dühası hesabına xalqımızın əsrlərlə formalaşmış dəyərlərini vahid,  konseptual paradiqmaya çevrilməsi mümkün oldu. Bu paradiqma azərbaycançılıq konsepsiyadır, dövlət idarəçiliyin, cəmiyyətin bütöv və həmrəy olmasının nəzəri-praktik əsasıdır.

Heydər  Əliyev  məktəbinin  fəxri məzunu,  peyğəmbərlik müdrikliyi ilə  seçilən, azərbaycan  xalqının  müzəffər  yadigarı cənab  İlham  Əliyev bu  gün azərbaycançılıq  təliminin həyata keçirilməsini uğurla davam etdirir. Çağdaş dövrümüzdə azərbaycançılıq ideologiyasının inkişafı dövlətin inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Bu ideologiya milli dövlət ideologiyası olaraq xalqımızın Ali  Baş Komandanın ətrafında bir dəmir yumruq kimi birləşməsinin mənəvi dayağı, bünövrəsidir. Və o cümlədən, bu ideologiya azərbaycanlıların ümummilli məfkürəsi olaraq,  dövlətimiz bütün sahələrində gedən inkişafın təhrikedici qüvvəsi, gözəl Azərbaycanımızın günü-gündən çiçəklənməsinin, qüdrətlənməsinin  rəmzi və qüvvətli silahıdır.

  Yeni Azərbaycan Partiyası Nəsimi rayonunun  Bakı Slavyan Universiteti ərazi təşkilatının sədri dosent Sevinc Axundova