2023-ci ilin “Heydər Əliyev İli” elan edilməsi məhz dövlətçilik tariximizdə müstəsna yeri olan, müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuşdur. Bu əlamətdar tarix ümummilli liderimiz Heydər Əliyevin şərəfli, bənzərsiz həyat yolu bir daha bütün əzəməti ilə gözlərimiz önündə canlandırmağa imkan verir. Bu fenomen şəxsiyyətin dediyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı həmişə, hər birimizin qürur və iftixar mənbəyi olmuşdur. Biz fəxr edirik ki, Heydər Əliyevin mənsub olduğu bir xalqın-Azərbaycan xalqının nümayəndələriyik.
Məlumdur ki, ulu öndərimiz bütün ömrünü, mübarizəsini, bir sözlə, fədakar fəaliyyətini Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatının inkişafına sərf etmiş, respublikamızın beynəlxalq aləmdə geniş miqyasda tanınması üçün əlindən gələni əsirgəməmişdir. Ümummilli liderimizin xüsusi diqqət yetirdiyi sahələrdən biri Azərbaycanın mədəniyyəti və incəsənəti olmuşdur. Ulu öndərimiz deyirdi: “Mədəniyyət başqa aləmdir. Mədəniyyət uşaq kimidir, həmişə tumar və qayğı istəyir. O, həssasdır. Əlinin tumarı, ürəyinin qayğısı azca azalan kimi, o, hiss edir, küsür, inciyir. Siyasi rəhbər, dövlət xadimi bunu bilməlidir, bir an yadından çıxarmamalıdır”. Heydər Əliyev özü məhz belə həssas, qayğıkeş, diqqətcil dövlət başçısı idi.
Heydər Əliyev Azərbaycanın mədəniyyət və incəsənətini hər bir azərbaycanlı üçün iftixar mənbəyi hesab edirdi. Ona görə də bu sahədə qazanılmış uğurları dünya ictimai fikrinə çatdırmaq üçün böyük səy göstərirdi. Onun ədəbiyyat və incəsənət xadimlərinə, o cümlədən Azərbaycan bəstəkarlarından Qara Qarayevə, Fikrət Əmirova, Niyaziyə, Rəşid Behbudova, rəssamlarımızdan Tahir Salahova, Mikayıl Abdullayevə, Ömər Eldarova, Lətif Kərimova, şair və ədiblərimizdən Süleyman Rüstəmə, Rəsul Rzaya, İlyas Əfəndiyevə, Mirzə İbrahimova, Süleyman Rəhimova və başqa müqtədir sənətkarlara göstərdiyi qayğı ulu öndərimizin gündəlik fəaliyyətinin ayrılmaz hissəsi idi. Bəxtiyar Vahabzadə və Xəlil Rza kimi həqiqətpərvər şairlərimizin Moskva təhlükəsizlik orqanları tərəfindən təqiblərinin qarşısının alınmasında da Heydər Əliyevin xidmətləri danılmazdır.
Gördüklərimə, oxuduqlarıma və şəxsi müşahidələrimə əsaslanaraq xüsusilə vurğulamaq istəyirəm ki, Heydər Əliyev mədəniyyət və incəsənətin bütün sahələrinə dərindən bələd olan nadir bir şəxsiyyət idi. Söhbət rəssamlıqdan gedirsə, ümummilli liderimiz sənətşünas, musiqi sahəsində musiqişünas, teatr aləmində teatrşünas, ədəbiyyatdan söhbət gedirsə, bir filoloq kimi mühakimə yürüdür, maraqlı fikirlər söyləyirdi.
Məhəmməd Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud”un 1300 illik, Nizaminin 840 illik, Nəsiminin 600 illik, M.F.Axundzadənin 170 illik, Hüseyn Cavidin 120 illik yubileyləri bilavasitə ulu öndərimizin təşəbbüsü və təşkilatçılıq məharəti sayəsində həyata keçirilmişdir. Repressiya qurbanı Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi də ulu öndərimizin adı ilə bağlıdır və bu hadisə xalqımızın tarixinə əbədi həkk olunmuşdur.
1979-cu ildə ulu öndərimiz sovet nümayəndə heyətinin başçısı kimi Suriyada olarkən səfər proqramı xaricində Nəsiminin məzarının yerləşdiyi Hələb şəhərini ziyarət etmək istədiyini bildirmişdi və onun bu arzusu dərhal yerinə yetirilmişdi. Nəsiminin 600 illik yubileyinin Yunesko-nun tədbirləri siyahısına daxil edilməsi məhz Heydər Əliyevin xidməti idi.
Bu il respublikamızın Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərliyinin 20 ili tamam olur. Son 20 il ərzində həyatın bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənət aləmində qazanılmış nailiyyətlərə nəzər saldıqda hər bir Azərbaycan vətəndaşı sonsuz iftixar hissi keçirir. Respublikamızın iqtisadi inkişafı, mədəniyyət və incəsənətimizin dünya miqyasında yeni uğurları Heydər Əliyev ənənələrinin davamıdır.
Prezidentimiz mədəniyyət və incəsənətimizin inkişafı üçün əlindən gələni əsirgəmir. Onun bu gün respublikanın regionlarında, habelə xarici ölkələrdə mədəniyyət mərkəzlərinin açılışında iştirakı, sənət xadimlərimizə göstərdiyi böyük qayğı, teatr və kino sənətinin inkişafı üçün imzaladığı sərəncamlar, teatrlarımızı bərpa və yenidənqurma işlərini müntəzəm olaraq nəzarətdə saxlaması, mədəniyyət xadimlərinə yüksək fəxri adların verilməsi, onların yaradıcılıq şəraitinin yaxşılaşdırılması üçün müxtəlif tədbirlərin həyata keçirilməsi Heydər Əliyev ideyalarının ölməzliyi və əbədiyyəti deməkdir. Prezidentimizin sözləri ilə desək: “Heydər Əliyevin ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır və onun qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir”.

MEHMAN MUSAYEV
Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının fəalı,
AAYDA Magistral Yolların İstismarı və Təmiri Şöbəsinin rəisi