04 aprel 2023-cü il tarixdə Bakı Avrasiya Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Güclü qadın – güclü gələcək” gənc qızların maarifləndirilməsi və təşəbbüs İnstitutu  layihəsinin açılış mərasimi və ilk təlimi keçirilib.

Açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Fidan Əzizova, Bakı Avrasiya Universitetinin Karyera və Təcrübə Mərkəzinin məsləhətçisi Səbinə Cəlilova, Universitetin sosial iş üzrə müəllimi, Karyera və Təcrübə Mərkəzinin məsləhətçisi Əfsanə Muradlı, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin Ümumi şöbəsnin rəhbəri Ümidə Kəngərli, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin, Bakı Dövlət Universitetinin Gender və tətbiqi psixologiay kafedrasının və Odlar Yurdu Universitetinin psixologiya müəllimi Mehriban Ağabalayeva, layihənin təlimçisi, nitq və diksiya mütəxəssisi, “Charkazli Training and Consultation” MMC-nin direktoru Sona Tanrıverdiyeva və 30 nəfər fəal gənc qız iştirak etmişlər.

İlk öncə “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Fidan Əzizova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi gənc qız şagird və tələbələrin bu sahədə maarifləndirilməsi, onların hüquqlarının təbliği, gender bərabərliyinin təmin olunması, qadın zorakılığı hallarının aradan qaldırılmasıdır.

Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihə iştirakçılarını və qonaqları salamladı və qeyd etdi ki, cəmiyyətin əsas tərkib hissələrindən biri və birincisi qadınlardır. Bu gün qadın həm cəmiyyətdə ailə dəyərlərinin qorunmasında, həm də bu dəyərin yaranmasında əsas faktor kimi çıxış edən cins mənsubudur. Dünyanın ən inkişaf etmiş ölkələrinin keçdiyi yola nəzər saldıqda məlum olur ki, hər bir dövlətin inkişafında, güclənməsində, tanınmasında, xalqının taleyində həlledici rol oynamasında əsas və mühüm məsuliyyət dövlət başçısının üzərinə düşür.

Daha sonra PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin Ümumi şöbəsnin rəhbəri Ümidə Kəngərli, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin, Bakı Dövlət Universitetinin Gender və tətbiqi psixologiay kafedrasının və Odlar Yurdu Universitetinin psixologiya müəllimi Mehriban Ağabalayeva, layihənin təlimçisi, nitq və diksiya mütəxəssisi, “Charkazli Training and Consultation” MMC-nin direktoru Sona Tanrıverdiyeva çıxış edərək qeyd etdilər ki, Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı qadınlar həm də, ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilirlər.

Sonda təlimçi və psixoloq  gəncləri maraqlandıran sualları cavablandırdılar.