Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 34 ilə yaxın bir zaman kəsiyində respublikaya rəhbərliyi, həqiqətən, onun fenomen olduğunu təsdiq edir. Ulu öndərin möhkəm inamı, hər şeyə nüfuzetmə qabiliyyəti, qibtə doğuracaq hafizəsi hamını heyran edirdi. Bu yolun əsas aparıcı qüvvələrindən biri isə ümummilli liderimiz Heydər Əliyevin daim qayğı və diqqəti ilə əhatə olunmuş Azərbaycan gəncliyidir.Bəşəriyyət tarixində hər bir xalq özünəməxsus şəkildə ölkəsinin sosial-iqtisadi və siyasi inkişaf şəraitindən asılı olaraq yetişməkdə olan gənc nəslin hərbi biliklərə yiyələnməsinə xüsusi əhəmiyyət vermişdir. Məsələyə bu baxımdan yanaşdıqda gənc nəslin hərbi-fiziki tərbiyəsinin məzmun və formasının səciyyəvi xüsusiyyətləri olduğunu deyə bilərik. Hər şeydən əvvəl, bu cür tərbiyə üsulunun tarixi çox qədim olmaqla yanaşı, həm də xarici işğalçılara qarşı milli-azadlıq müharibələrində təşəkkül tapmışdır.Hərbi vətənpərvərlik tərbiyəsi – vətənə məhəbbət, öz xalqına hörmət, vətənin düşmənlərinə nifrət, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizə – bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olmuşdur. Hərbi vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir. Bunun üçün həmişə hərbi işə, düşmənə qarşı silahlı mübarizəyə yiyələnmək əsas vəzifə hesab olunur.Hərbi-vətənpərvərlik hissi min illərlə möhkəmləndirilmiş ülvi hissdir. Bu ülvi hiss insanın öz doğma vətəninə hədsiz məhəbbət bəsləməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur. Hərbi vətənpərvərlik hissi doğma yerlərə və adamlara bağlılıqdan, onları xarici və daxili düşmənlərdən qorumaqdan başlayaraq, bütün qüvvə və qabiliyyətini vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməyə qədər inkişaf edib yüksəlir.1970-80-cı illərdə respublikamıza rəhbərlik edən bu böyük şəxsiyyət gənclərlə iş siyasətində uzaqgörənliklə elə işlər görmüşdü ki, onların dəyərlərindən müstəqil ölkəmiz indi də faydalanmaqdadır. 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində respublikamızda hökm sürən hərcmərclik, qeyri-sabitlik şəraitində dövlət səviyyəsində gənclərlə iş, demək olar ki, yox dərəcəsində idi. Xalqımızın lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı problemlərimizin həlli ilə yanaşı, dövlətimizin gənclər siyasətində də ciddi dönüş yaratdı. Onun təşəbbüsü ilə 1994-cü ildə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Heydər Əliyevin söylədiyi “…bizim, sizin, hamımızın vəzifəsi müstəqil Azərbaycanın sağlam gəncliyini tərbiyə etmək, bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaq, Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir…” sözləri gənclər siyasətinin konseptual fəlsəfəsinə çevrildi.

1970-80-cı illərdə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin elm ocaqlarında təhsil alıb, müasir sənət və peşə növlərinə yiyələnmişdir. Məhz o illərdə Azərbaycanda yeni tədris ocaqları, o cümlədən xüsusi hərbi məktəblər, yeni gənclər mərkəzləri yaradılmış, irimiqyaslı gənclik tədbirləri keçirilmişdir. Məhz həmin illərdə Azərbaycanın milli kadrlarının, inkişafı üçün yaradılmış imkanlar nəticəsində aparıcı ictimai-siyasi sahələrdə azərbaycanlı alimlərin üstünlüyü və milli ruhun yüksəlişi təmin olunmuşdur. Hələ 1970-ci ildə Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək Bakıda xüsusi bir hərbi məktəb yaratdı. Həmin məktəbə Cəmşid Naxçıvanskinin – bizim qəhrəman generallardan birinin adı verildi. Artıq 41 ildir ki, bu məktəb fəaliyyət göstərir. Həmin məktəbdən ildə təxminən 800-900 nəfər gənc azərbaycanlı sovetlər ittifaqının ali hərbi məktəblərinə göndərilirdi. Əgər 1970-ci ildə keçmiş SSRİ-nin başqa şəhərlərinə təhsil almağa 300 nəfər göndərilmişdisə, 1975-ci ildə 400 nəfər, 1978-ci ildən başlayaraq hər il 50-dən çox şəhərin 150 ali məktəbinə Azərbaycanda çatışmayan ixtisaslar üzrə 800 tələbə göndərilmişdi. Ümumiyyətlə, 70-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikadan kənarda 10 minə qədər azərbaycanlı gənc təhsil almışdı. Bu, danılmaz faktdır ki, 70-80-ci illərdə onun uzaqgörən siyasəti nəticəsində hazırlanmış mütəxəssislər Azərbaycanın xoşbəxt gələcəyi üçün zəmin yaratmışlar. O dövrdə kənarda oxuyanlara dövlət tərəfindən təhsil zamanı qayğı göstərilirdi, həm də onlar respublikaya qayıtdıqdan sonra böyük qayğı ilə əhatə olunurdular. Onların mənzillə, yataqxana ilə təminatına xüsusi diqqət verilirdi.Hazırkı dövrdə Azərbaycan gənclərinin hərbi vətənpərvərlik tərbiyəsi daha mühüm əhəmiyyət kəsb edir. Çünki neçə illərdir ki, hiyləgər və məkrli düşmənlərimiz olan ermənilər xalqımıza qarşı qəsbkarlıq müharibəsi aparırlar.Belə bir düşmənə qarşı ləyaqətlə mübarizə aparan gənclərdə inamın, hərbi vətənpərvərlik hisslərinin tərbiyə edilməsi ən zəruri məsələ kimi qarşıda durur.

MEHMAN MUSAYEV

Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının fəalı,

AAYDA Magistral Yolların İstismarı və Təmiri Şöbəsinin rəisi