Beynəlxalq Astronavtika Federasiyası (IAF) 1951-ci ildə kosmos tədqiqatları sahəsində çalışan alimlərin fərqli və rəqabətli siyasi dünyagörüşlərinə sahib olmasından asılı olmayaraq kosmos ölkələri arasında daimi dialoqu təmin etmək, kosmik tədqiqatlar sahəsində nailiyyətlərin əldə edilməsi məqsədilə yaradılmışdır. IAF dünyanın bütün aparıcı kosmik agentlikləri, şirkətləri, cəmiyyətləri, assosiasiyaları, muzeyləri və institutları daxil olmaqla dünyanın müxtəlif ölkələrindən olan 468 üzvdən ibarət görkəmli qurumdur. Bu qurumun bir hissəsi olmaq kosmik fəaliyyətləri təşviq etmək, yeni texnologiyalar inkişaf etdirmək quruma üzv olan ölkə və təşkilatların əsas məqsədidir.
Azərbaycan 2003-cü ildə Beynəlxalq Astronavtika Federasiyasına üzv olduqdan sonra qarşıya qoyulmuş məqsədlər üzrə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi sahəsində önəmli addımlar atmışdır və fəaliyyətin uğurlu nəticəsi olaraq 2019-cu il oktyabr ayında ABŞ-nin paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilən seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanmışdır.
Azərbaycanda Milli Kosmik sənayenin yaranması Ümummilli Lider Heydər Əliyevin sovet dönəmində hakimiyyətdə olduğu illərə təsadüf edir. Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu illər ərzində ölkəmizdə müasir sənaye müəssəsələrinin tikilməsinə, yeni sahələrin inkişafı istiqamətində tədbirlərin görülməsinə, eləcə də Azərbaycanın beynəlxalq arenada tanınmasına nail ola bilmişdir. Bakı ilk dəfə bundan 50 il öncə 1973-cü ilin oktyabrında qeyd olunan konqresə ev sahibliyi etmişdir.
Azərbaycanda hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir tələblərə cavab verən infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılmışdır. Cənab prezident İlham Əliyevin Bakı Konqresinin açılış mərasimində qeyd etdiyi kimi bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olmaqla azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunan üç peyk təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər. Qısa müddət ərzində kosmik sənayenin qurulması və yerli mütəxəssislərin formalaşması Azərbaycanın gələcəkdə bu sahədə önəmli yer tutacağından xəbər verir. Bununla yanaşı müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf ölkə sənayesinin hərtərəfli inkişafına zəmin yaradır. Aparılan uğurlu siyasətin nəticəsidir ki, məhz 50 il sonra Bakı yenidən möhtəbər bir konqresə ev sahibliyi edir.
Bakıda keçirilən 74-cü Beynəlxalq konqres əvvəlki konqreslərdən özünə məxsusluğu və öncəkilərdən yüksək göstəriciləri ilə seçilir. Ümumilikdə 100dən çox ölkədən 5 mindən çox nümayəndənin qatıldığı konfransda 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub ki, bununla da Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) tədbirləri ilə birgə indiyədək keçirilən bütün konqresləri geridə qoyub. Konqresə Azərbaycandan rekord sayda 214 məqalə təqdim olumuşdur ki, bu da ölkədə Konqresə və ümumilikdə bu sahəyə olan marağı göstərir.
Beynəlxalq konfransın açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən konqresin Azərbaycanda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcəyini və bu sahədə fəaliyyətlərini davam etdirəcəklərini bildirmişdir.
Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bu gün beynəlxalq arenada öz sözünü deyən, güclü bir dövlət kimi tanınmışdır. Aparılan uğurlu siyasətin nəticəsində Azərbaycan kosmik sahə ilə yanaşı, iqtisadi, hərbi, mədəni, təhsil və bir çox sahələrdə uğurlar qazanmış, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edərək Azərbaycanın və onun mədəniyyətinin dünyada təbliğinə nail olmuşdur.

İsmayılzadə Nihat İsa

Beynəlxalq münasibətlər kafedrasının müəllimi