Bildiyimiz kimi cari ilin may ayının 31-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında iştirak edib.
Sərgidə 35-dan çox ölkədən 320 şirkət iştirak etdi və bunlar sırasında ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, MDB ölkələri, Türkiyə və digər ölkələr var idi. Bu ötən ilki iştiraklılıqla müqayisədə 27% artım deməkdir. İştirakçı şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim etdilər. Sərgidə defektoskopiya və yerdən uzaq məsafədə işlərin görülməsi kimi sahələr işıqlandırıldı.
Azərbaycanın həm regionda, həm də Avropada enerji təhlükəsizliyi sahəsində önəmli rol oynadığını bir daha təsdiqləyən 28-ci beynəlxalq Xəzər neft və qaz sərgisinin platin sponsorunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR-ın ayrı-ayrı şirkət və müəssisələrinin öz nailiyyət və perspektivlərini geniş nümayiş etdirməsi tədbirə marağı qat-qat artırırdı. Yeri gəlmişkən, iştirakçıların istər bu müəssisələrin, istərsə də öz ekspozisiyalarını göstərən digər ölkələrin şirkətlərinin imkanları, nailiyyət və perspektivləri ilə yaxından maraqlanmaları bir daha sübut edirdi ki, ənənəvi Xəzər neft və qaz sərgisi beynəlxalq əməkdaşlıq meydanı kimi mühüm statusunu qoruyub saxlaya bilib. Elə sərgi barədə rəy və təəssüratlarını öyrəndiyimiz iştirakçılar da bu mötəbər tədbirdə əməkdaşlıq əlaqələrini genişləndirmək, sərginin yaratdığı imkanlardan səmərəli istifadə etmək məqsədində olduqlarını vurğulayırdılar.
Bu ilki Bakı Enerji Həftəsi, əlamətdar hadisə ilə Ulu Öndər Heydər Əliyevin yubileyi ilə üst-üstə düşür. Prezidentimiz möhtərəm İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev İli” elan edib və bu səbəbdən bütün sərgilərdə bu əlamətdar mövzuya ayrıca xüsusi diqqət yetirilir. Bakı Enerji Həftəsi çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş xüsusi stend hazırlanmışdır və xüsusi diqqətə səbəb olmuşdur.
MEHMAN MUSAYEV
Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının fəalı,
AAYDA Magistral Yolların İstismarı və Təmiri Şöbəsinin rəisi