Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında sabitlik, təhlükəsizlik və qarşılıqlı etimada əsaslanan əlaqələr böyük əhəmiyyət kəsb edir. Son illərdə dünya miqyasında müşahidə olunan müharibələr və artan gərginliklər fonunda sülhün və sabitliyin inkişaf və tərəqqi üçün vacibliyi daha aydın görünür.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Komitə sədri bildirib ki, sülh siyasi dialoqun institusional əsaslarla qurulmasına, mübahisələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə və regionlararası əməkdaşlığın genişlənməsinə əlverişli zəmin yaradır. Eyni zamanda sülh, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin formalaşdırılması və geniş coğrafiyada təhlükəsizlik mexanizmlərinin möhkəmləndirilməsi baxımından da vacibdir.

“Otuz il işğaldan əziyyət çəkən Azərbaycan müdrik liderinin qətiyyətli iradəsi və ordusunun gücü sayəsində torpaqlarını azad etdi və separatçılığın kökünü kəsdi. Bu gün isə Prezident İlham Əliyevin təşəbbüsü ilə bölgəmizdə sülh və əmin-amanlıq təmin olunur. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi beynəlxalq birlik tərəfindən qəbul olunub və yüksək qiymətləndirilib. Prezidentə təqdim olunan nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı” bunun aydın nümunəsidir”, – deyə Şahin İsmayılov vurğulayıb.

O bildirib ki, dayanıqlı sülh xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə, dövlətlər arasında etimadın bərpasına və regionun iqtisadi potensialından tam istifadə edilməsinə imkan verir. Sabitlik dövründə ölkələr resurslarını inklüziv inkişafa və qarşılıqlı faydalı əməkdaşlığa yönəldirlər. Son altı ayda bu proses Azərbaycan–Ermənistan əlaqələrində də özünü göstərib.

“Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin qətiyyətli iradəsi sayəsində bərqərar olan sülh region üçün fundamental siyasi dəyərdir, əməkdaşlığın genişlənməsinə, konstruktiv dialoqun təşviqinə və bölgə xalqlarının gələcəyinə xidmət edir”, – deyə Şahin İsmayılov əlavə edib.