Azad Mirzəcanzadə İnkişaf Proqramının 2-ci axının qaliblərindən biri, Yeni Azərbaycan Partiyasının fəalı, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri, ictimai fəal gənc Pəri İbrahimovanın müəllifi və rəhbəri olduğu “İdarəçi Gənc” layihəsi uğurla həyata keçirilib.
Layihənin əsas məqsədi gənclərin liderlik və idarəçilik bacarıqlarının inkişaf etdirilməsi, onların dövlət qurumlarında, ictimai və qeyri-hökumət sektorlarında aktiv rol almağa hazır, məsuliyyətli və təşəbbüskar fərdlər kimi formalaşdırılması olub. Eyni zamanda layihə çərçivəsində qərarvermə prosesində gənclərin iştirakının təşviqi, onların öz fikirlərini sərbəst ifadə etmə və cəmiyyətə təsir imkanlarının artırılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
Layihə həmçinin gənclərə dövlət quruculuğu və vətəndaş cəmiyyəti haqqında bilik və təcrübənin aşılanmasını, ölkənin idarəetmə mexanizmləri barədə onların məlumatlılığının artırılmasını və gələcəkdə bu sahələrdə fəaliyyət göstərə biləcək potensial liderlərin yetişdirilməsini hədəfləyib.
“İdarəçi Gənc” layihəsinin hədəf auditoriyasını 18-29 yaş arası gənclər, xüsusilə liderlik və idarəçilik sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən aktiv gənclər, idarəçilik sahəsində karyera qurmağı planlaşdıran şəxslər, tələbələr, yeni məzunlar və ictimai fəallar təşkil edib.
Layihə çərçivəsində təşkil olunan təlimlər təlimçi Fəridə Xudiyevanın təqdimatında həyata keçirilib. Təlim proqramı dövlət və qeyri-hökumət sektorlarının funksiyaları, liderlik və idarəetmə bacarıqları, ictimai danışıq və debat, həmçinin layihə yazılışı və idarəetmə kimi mühüm mövzuları əhatə edib.
Keçirilən təlimlər interaktiv formatda təşkil olunaraq iştirakçıların mövzulara aktiv cəlb olunmasını təmin edib, onların həm nəzəri biliklərinin artırılmasına, həm də praktiki bacarıqlarının formalaşdırılmasına mühüm töhfə verib.
Layihə çərçivəsində əldə olunan nəticələr göstərir ki, iştirakçı gənclər öz liderlik potensiallarını daha yaxşı dərk etmiş, komanda işi, ünsiyyət və qərarvermə bacarıqlarını inkişaf etdirmiş, eyni zamanda dövlət və vətəndaş cəmiyyəti institutları haqqında daha geniş biliklərə yiyələnmişlər.
Sonda layihəyə seçilmiş 20 gənc təlim sessiyalarını uğurla başa vurduqlarına görə sertifikat və hədiyyələrlə təltif olunublar.

