Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərləri çərçivəsində bir sıra sosial və iqtisadi xarakterli obyektlərin açılışı davamlı xarakter daşıyır. Belə ki, xəstəxanalar, yeni yollar, xidmət mərkəzləri və s. istifadəyə verilir. Bölgələrdə yeni müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən, son illərdə ölkəmizdə yollarının yenidən qurulması, mövcud yolların müasir səviyəyyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Bu gün həqiqətən də, Azərbaycanın hər bir bölgəsi özünün yeni inkişaf mərhələsini yaşayır. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi isə insanların sosial rifahının yüksəlişinə xidmət göstərir.

Dövlət başçısının göstəriş və tapşırıqları ilə reallaşan islahatlar bir daha təsdiqləyir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması sahəsində atılan addımlar insanların xoşbəxt gələcəyinin təminatına yönəldilib. 2004-cü ildən başlayaraq, Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi nəticəsində ölkəmizin hər bir bölgəsində genişmiqyaslı quruculuq işləri aparılıb. Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyub. Cənab Prezidentin mütəmadi olaraq regionlara səfərləri, burada görülən işlərlə tanışlıq, eləcə də tapşırıq və göstərişlərin verməsi ölkəmizin simasının tamamilə dəyişməsinə səbəb olub.

Dövlət başçısının bu günlərdə Neftçala və Salyan rayonlarına səfəri və orada yeni obyektlərin açılışında iştirakı, görülən işlərlə tanışlığı əlbəttə ki, fikirlərimizi əsaslandırır. Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verərkən qeyd edib ki, mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər – ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin: “Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”.

Bu səfər bir çox məqamlara aydınlıq gətirmiş oldu və səfərin nəticələrindən, gördüyü mənzərədən dövlət başçısı çox məmnun olub. Prezident İlham Əliyevin “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını etməsi, Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlığı, Heydər Əliyev Fondu tərəfindən Neftçala rayonunda inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışı, eləcə də Neftçala Olimpiya İdman Kompleksinin açılışı və s. dövlətimizin gücünün göstəricisidir.

Göründüyü kimi, həm sosial, həm infrastruktur sahələrində, insanların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər diqqəti çəkəndir. Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər eyni zamanda insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü tədbirlərin mühüm tərkib hissəsidir. Bu günün reallıqları bizə deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb. Eyni zamanda, Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib və lazımı addımlar atılıb. Məlumdur ki, Azərbaycan vətəndaşlarında məmnunluq yaradan “ASAN xidmət” ölkəmizin yeni brendinə çevrilib. Dövlət başçısı Salyana səfəri çərçivəsində Salyan regional “ASAN xidmət” mərkəzinin açılışını edib. Respublika üzrə sayca 25-ci olan Salyan regional “ASAN xidmət” mərkəzi əsasən Salyan, Neftçala, Biləsuvar, Şirvan rayonlarında qeydiyyatda olan ümumilikdə 426 min 600 vətəndaşa xidmət edəcək. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək. Burada çalışacaq əməkdaşların ümumi sayı 205, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur. «Bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik”, – deyə Prezident müsahibəsində bildirib.

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan “ASAN xidmət” dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində uğurlara səbəb olub. Azərbaycanın “ASAN xidmət” modeli dünyanın bir çox ölkələri, beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir və bu təcrübəyə böyük maraq var. Dövlət xidmətlərinin səmərəliliyinin artırılması hazırda bir çox ölkələr üçün önəmli çağırışlardan biri olduğundan tərəfdaş ölkələrlə “ASAN xidmət” modelinin tətbiqi, təcrübələrin paylaşmağı istiqamətində fəal əməkdaşlıq aparılır. Azərbaycan dünyaya inteqasiya edir, öz məhsullarını dünya bazarına çıxarır, moderin, yenilikçi ölkə olaraq dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığa üstünlük verir.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanması nəticəsində Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bu gün bildiyimiz kimi, Azərbaycan dövləti üçün ən prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir ki, ölkəmizin iqtisadi gücü tezliklə qarşıya qoyulan hədəflərin təminində öz sözünü deyəcəkdir. İşğaldan azad olunan ərazilərdə sürətli şəkildə görülən işlər bu gücü bir daha göstərir. Qarabağda və Şərqi Zəngəzurda artıq böyük dirçəliş dövrü başlayıb. Otuz il ərzində Ermənistanın viran qoyduğu əzəli torpaqlarımızda abadlıq-quruculuq işləi aparılır. “Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır – Ağalı və Talış kəndlərində. Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük – abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni, bütün bunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq”, – deyə Prezident vurğulayıb.İnfrastruktur layihələri sürətlə davam edir. Azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması əsas məsələlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərə etdiyi səfərlər zamanı həmin yerlərdən verdiyi mesajlar, açılışı olan obyektlər, yaradılan infrastruktur layihələri deməyə əsas verir ki, böyük quruculuq işləri nəticəsində bu ərazilərdə tezliklə yeni həyat başlanacaq.

Əvəz Qocayev,

YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini