Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müstəqilliyimizin Bərpasının 32-ci ildönümü ərəfəsində, daha dəqiq desək bir gün öncəsində – 17 oktyabr 2023-cü il tarixində “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki nitqini çoxları kimi mən də böyük qururla, yurdu və ruhu işğaldan azad olunmuş vətəndaş kimi diqqətlə izlədim.

27 illik əsarətdən sonra  (məlum olduğu kimi 1993-cü il avqustun 23 tarixində Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş və füzulililər öz doğma torpaqlarından məcburi köçkün düşərək respublikamızın 50-dən çox rayon və şəhərində məskunlaşdılar. 17 oktyabr 2020-ci ildə Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə şəhəri işğaldan azad etdi) Fizuli şəhərinin  işğaldan azad olunmasının üçüncü ildönümü günündə  dövlət başçısı qeyd etdi ki, “Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür.  İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Qloballaşan dünya haqqında bir çox fərziyyələr irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var, biz nə qədər doğma diyara bağlıyıq. Şadam ki, gənc nəsil də – füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq” deyən ölkə başçısı  Azərbaycan xalqının öz doğma torpağına əbədi sevgisini, Ana qədər müqəddəs saydıqları Vətən üçün sinəlrini tərəddüd etmədən güllə qabağına verən əsgərlərimizin misli bərabəri olmayan qəhrəmanlıqlarını bir daha göz önündə canlandırdı. Qeyd etmək yerinə düşərdi ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən “II Qarabağ” müharibəsindəki Böyük Zəfəri döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, öz qəlbində Vətəninə, doğma torpağına əbədi sevgi daşıyan Ali Baş komandanımız və rəşadətli ordumuz təmin etdi. Məhz doğma torpağa olan əbədi sevgi Azərbaycan xalqını bir yumruq altında birləşdirdi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün tam təmin olunmasına, bizdən zorla qoparılmış tortaqlarımızın geri qayıtmasına ümid daha da artdı. Hələ 2021-ci ilin sentyabr ayında Ali Baş Komandan İlham Əliyev “France 24” televiziya kanalına Zəngəzur dəhlizi ilə bağlı verdiyi müsahibəsində  bildirmişdir ki, biz Zəngəzura qayıdacağıq, çünki 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan bu torpaqları zorla alaraq Ermənistana vermişdir,biz ora tanklarla deyil, piyada, avtomaşın və təyyarələrlə gedəcəyik. Həmin müsahibəsində dövlət başçısı eyni zamanda bildirmişdi ki, hər bir ölkə kimi, biz də tariximizi bilməli, gənc nəsil qədim tariximizi bilməli, keçmişdə hansı ərazilərdə yaşadığımızdan xəbərdar olmalı və oralara necə qayıtmalı olduğunu bilməlidir. Ata vəsiyyətinə sadiq qalan İlham Əliyev 17 oktyabr tarixində “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha bu məsələyə qayıdaraq: Bəziləri hesab edirdi ki, azərbaycanlılar bu işğalla barışacaq… Ulu Öndər xalqın, necə deyərlər, qəlbini, qəlbindəki bütün duyğularını bilirdi, onun bizə qoyduğu yol məhz azadlıq yolu idi, qurtuluş yolu idi…  Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, demişəm, amma sülh yolu ilə.

19-20 sentyabr 2023-cü il tarixində 23 saat ərzində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Müstəqil Azərbaycanın ərazi bütovlüyü tam təmin olundu. Hər zaman olduğu kimi, bundan sonra da Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında, o cümlədən xalqa müraciətlərində – 21 sentyabr Laçında, 26 sentyabr Ağdərədə, 15 oktyabr Xocalıda, Xocəvənddə, Xankəndidə Azərbaycan Bayrağını ucaldarkən, həmçinin 17 oktyabrda Füzulidə nitq söyləyərkən şəhidlərimizin müqəddəs ruhlarına ehtiramını bildirərək, “Qoymadıq ki, gənclər unutsun. Qoymadıq ki, Qarabağ mövzusu silinsin… Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm keçmişdə, həm indi, həm də gələcəkdə. Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir ” dedi.

Doğrudan da İlham Əliyevin 20 illik hakimiyyəti dövründə yetişən nəsil – düşüncə tərzi, intellektual səviyyəsi, milli ruhu və vətənpərvərlik hissi ilə seçilən nəsil vətənini sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq, dövlətinin hər bir uğuruna sevinmək, neqativ proseslərə, müstəqilliyimizə, dövlətçiliyimizə qarşı yönələn istənilən hadisəyə təəsübkeş hissi ilə yanaşmağı və işğal altında olan Azərbaycan torpaqlarının geri qaytarılmasını əsas vəzifəsi bildi.

  “İndi Füzuli şəhəri tamamilə yenidən qurulur. 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq. Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq,… uşaqlara yaxşı baxın, yetişdirin, vətənpərvər olsunlar, Vətənə bağlı olsunlar, bizim qəhrəmanlar kimi olsunlar, şöhrətimizi göylərə qaldırsınlar” – deyə prezident sakinlərə müraciət etdi və torpaq sevgisi naminə canlarından keçənlərin əbədi yaşayacağını bildirdi.

Bakı Slavyan Universiteti 

Diplomatiya və xarici siyasət kafedrasının müəllimi,

tarix elmləri üzrə fəlsəfə doktoru

Mahirə Əfsər qızı Əzizova