Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində qələbə qazandıq. Bu Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən haqq mübarizəsində dünya ölkələri Şanlı Ordumuzun 30 illik erməni işğalına son qoymasının şahidi oldu. 44 gün – Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür. Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti 44 gün ərzində dünyaya səs salaraq bütün gücünü göstərdi. O güc ki, heç bir beynəlxalq təşkilat tərəfindən, heç bir bəyanat və danışıqlar nəticəsində həll yolunu tapa bilməyən gerçəklər bu 44 günün tamamında öz həqiqətlərini dünya birliyinə hayqırdı. Məgər necə güclü, necə qüdrətli dövlətimiz var imiş, necə əzmkar, necə vətənpərvər, mərd ürəkli, igid xalqımız var imiş, sözlərdə deyil əməllərdə gördük və bir daha əmin olduq. Xalq,dövlət,ordu həmrəyliyinin şahidi olduq. Torpaqlarımızdan ayrı qaldığımız 30 ilin kini, nifrəti, nisgili, ağrısı-acısı vulkan olub 44 gündə püskürdü və BU vulkandan çıxan od-alov düşməni yandırdı.
Gərgin müharibə dövründə Azərbaycan Ordusu böyük rəşadət, vətənpərvərlik nümunəsi göstərdi. Müharibənin ilk günlərindən Ordumuzun azad etdiyi kəndlərin, yüksəkliklərin çəkilişlərinə baxdıqca, 30 ilə yaxın müddətdə keçirdiyimiz acı xatirələri unutdurur, qürur hissi keçirirdik. Xalqımızın tarixin bu sınağından alnıaçıq-üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz vətənə sonsuz sevgi hissinin sarsılmazlığı idi. Bütün dünya azərbaycanlıları eyni amal uğrunda bir yumruq kimi birləşərək növbəti yeni qələbə xəbərlərini gözləyirdi.
İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Bu günlər Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Prezident cənab İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər.
Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bu savaşda xalqımız Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı. Artıq heç bir qüvvə bu sarsılmaz birliyi pozmaq iqtidarında deyil. Prezident,cənab İlham Əliyev çıxışında qeyd etmişdir : “Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir. Bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik, iradə göstərmişdir.”
Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. Bu gün qarşılaşdığımız mənzərə həqiqətən də qürurvericidir. 44 gün ərzində xalqımız yüksək səviyyədə birlik nümayiş etdirmişdir. Necə deyərlər “el bir olsa dağ oynadar yerindən”. Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə isə xalqımızın həmrəyliyi nəticəsində qələbə çaldıq. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur, “Dəmir Yumruq” əməliyyatı bir daha göstərdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Bakı Slavyan Universiteti, müəllimi Salahova Ceyran