Azərbaycan Respublikasının strateji tərəfdaşları və əməkdaşlıq etdiyi ölkələrin içərisində əsrlərdən bəri qonşumuz olan, dostluq və qardaşlıq münasibətləri çərçivəsində əlaqə saxladığımız Gürcüstan Respublikası xüsusi yer tutur. Azərbaycan və gürcü xalqlarının dostluğunun kökləri çox qədim zamanlardan başlayır, səmimiyyətini qoruyaraq günümüzə qədər davam edir.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin bu il oktyabr ayının 8-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə işgüzar səfəri, keçirdiyi görüşlər, aparılan danışıqlar da məhz bu strateji tərəfdaşlığın bariz nümunəsidir.
Azərbaycan və Gürcüstan hər zaman qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən iki dövlət olaraq münasibətlər qurmuşdur.
2023-cü il oktyabrın 8-də aparılan danışıqlar və razılaşmalardan sonra keçirilən mətbuat konfransında bu məsələyə xüsusi yer verilmiş, aktuallığı bir daha vurğulanmışdır. Gürcüstan Respublikasının baş naziri İrakli Qaribaşvili bəyanatında prezident İlham Əliyevin Gürcüstan səfərini iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsində mühüm bir addım kimi dəyərləndirilir və bu məsələ ilə bağlı qarşı tərəfin düşüncələrinə bir daha aydınlıq gətirir.
Gürcüstan Respublikasının baş naziri İrakli Qaribaşvili bəyanatında belə deyir:-”Əlbəttə ki, biz təhlükəsizlik məsələlərini – həm regionda, həm də qlobal müstəvidə cərəyan edən hadisələri müzakirə etdik. Hazırda vəziyyət kifayət qədər gərgindir. Mən bir daha cənab Prezidentə onu da bildirdim ki, biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz Azərbaycana da təşəkkürümüzü bildiririk ki, Azərbaycan da öz növbəsində hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. “
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev də öz növbəsində iki ölkə arasındakı qarşılıqlı münasibətlər haqqında danışarkən bu sözləri dilə gətirmişdir-“Biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk, möhkəmləndiririk, öz səylərimizi əsirgəmirik. Cənab Baş nazir qeyd etdiyi kimi, bizim ənənəvi görüşlərimiz bu məqsədə xidmət edir ki, ölkələrimiz bir-birinə daha yaxın olsun, xalqlarımız bir-biri ilə daha da sıx dostluq etsin. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir.”
Cənab prezident öz bəyanatında iki ölkə arasındakı bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq,hörmətlə yanaşmaq mövzusuna da toxunaraq fikirlərini belə ifadə etmişdir:-“Cənubi Qafqazda sülh hələ ki, tam bərqərar olunmayıb və bu gün cənab Baş nazirlə söhbət əsnasında, o cümlədən bu məsələyə də toxunduq. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Baş nazir qeyd etdiyi kimi, biz hər zaman bir-birimizin ərazi bütövlüyümüzü, suverenliyimizi dəstəkləmişik və dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır.”
Hər iki liderin bəyanatlarından da görüldüyü kimi sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyünün və suverenliyin dəstəklənməsi,bir-birinin maddi və mənəvi irsinə hörmət, mehriban qonşuluq və strateji əməkdaşlıq fəaliyyətinin inkişafı hər iki dövlətin prioritet məsələlərindəndir və aktuallığını qoruyub saxlamaqda davam edir.
Biz də sıravi vətəndaşlar olaraq hər iki liderə də bu istiqamətdə gördükləri işlər üçün təşəkkür edir, bu münasibətlərin davamlı olmasını,yeni-yeni uğurlarla hər iki ölkənin müasir tarixinin səhifələrinə yazılmasını arzulayırıq.
Bakı Slavyan Universiteti
Diplomatiya və xarici siyasət kafedrasının müəllimi
Abasova Şəhla Hüseyn qızı