Site icon

Azərbaycan–Aİ enerji əməkdaşlığı strateji əhəmiyyət daşıyır

Azərbaycan–Avropa İttifaqı münasibətləri keyfiyyətcə yeni mərhələyə daxil olub. Bu xüsusda, martın 11-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüş yalnız iki tərəf arasında siyasi dialoqun davamı deyil, həm də regionda və Avrasiya məkanında formalaşan yeni geosiyasi və iqtisadi reallıqlar fonunda əməkdaşlığın strateji istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, enerji sektorunda əməkdaşlıq hər zaman tərəfdaşlığın əsas istiqamətini təşkil edib. Bu gün Azərbaycanın təbii qaz ixrac etdiyi 16 ölkədən 10-u məhz Avropa İttifaqının üzvüdür. Bu, tərəflər arasında enerji sektorunda əməkdaşlığın sürətli inkişafının bariz təzahürüdür. 2022-ci ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə əməkdaşlığın dərinləşməsində mühüm rol oynayıb.


Bu gün dünyada baş verən proseslər enerji təhlükəsizliyi məsələlərinin vacibliyini açıq şəkildə nümayiş etdirir. Bu xüsusda,  Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli və etibarlı əməkdaşlıq böyük əhəmiyyətə malik nailiyyətdir.


Prezident İlham Əliyevlə Prezident Antonio Koştanın birgə mətbuat bəyanatında yer alan istiqamətlər ikitərəfli gündəliyin geniş və çoxşaxəli olduğunu nümayiş etdirir. Təhlükəsizlik sahəsində, o cümlədən terrorçuluq, mütəşəkkil cinayətkarlıq, insan alveri və qeyri-qanuni miqrasiya kimi təhdidlərə qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsi olduqca önəmlidir. 


Eləcə də rəqəmsal transformasiya və innovasiya sahələrində əməkdaşlıq, süni intellekt əsaslı texnologiyalar sahəsində tərəfdaşlığın gücləndirilməsi iqtisadi inkişafın sürətləndirilməsi və rəqəmsal ekosistemlərin formalaşdırılması baxımından mühüm perspektivlər açır.


Ümumilikdə, dövlətimizin başçısının müəyyənləşdirdiyi uğurlu siyasi xətt, eləcə də müstəqil və balanslaşdırılmış xarici siyasət, Azərbaycanın geostrateji mövqeyi, enerji və nəqliyyat layihələrində oynadığı rol Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da dərinləşməsini şərtləndirir.

Şahin İsmayılov
Milli Məclisin Gənclər və idman komitəsinin sədri

Exit mobile version