Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib. İlham Əliyev bildirib ki, Qarabağda yaşayan ermənilərə vətəndaşlıq və iş icazəsi üçün müraciət etmək imkanı dəfələrlə təklif olunub: “Qarabağ ermənilərinin nümayəndələri görüşlərdə iştirak etsələr də, əsasən Ermənistana getməyi seçiblər. Azərbaycan tərəfi, deportasiya edilmiş yüz minlərlə azərbaycanlının geri dönüş imkanlarını təmin etməyən Ermənistan hökumətini də diqqətə çatdırır”. İlham Əliyev vurğulayıb ki, qayıdış hüququ universal hüquqdur və belə bir müraciət olarsa, Azərbaycan buna əməl edəcək. Eyni zamanda, Ermənistanla 30 illik müharibə və işğal şəraitini nəzərə alaraq, Azərbaycanlılara qarşı da eyni hüquqların təmin olunmasını gözlənilir.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan lokal anti-terror tədbirləri keçirməzdən öncə dəfələrlə Qarabağda yaşayan erməni əsilli sakinlərə müraciət edərək onların təhlükəsizliyinə ən yüksək səviyyədə təminat veriləcəyini bəyan etmiş və əməliyyatların gedişində də beynəlxalq hümanitar hüququn bütün tələblərini rəhbər tutaraq hərbi gedişatdan mülki insanların zərər görməməsi üçün bütün tədbirləri görmüşdü, lakin buna baxmayaraq Ermənistanın uzun bir dövr ərzində dövlət səviyyəsində həyata keçirdiyi yalnış və zərərli təbliğatın təsiri altında olan Qarabağın erməni əsilli əhaləsi azərbaycanlılarla və Azərbaycan dövlətinin yurisdiksiyası daxilində yaşamaq istəməmiş, etnik separatizmin təsiri altında Qarabağı tərk etmişdilər.
Bəhruz Məhərrəmov
“Azərbaycan Respublikası vətəndaşlığından aslı olmayaraq hər kəsin konstitusion qaydada azadlıq hüququna təminat verir və bu baxımdan Qarabağın erməni əsilli sakinlərinin Azərbaycanı tərk etmək niyyətləri qarşısında hər hansı formada sədd çəkilə bilməzdi. Prosesə verilə biləcək ən doğru reaksiya Azərbaycan dövlətinin ölkəmizin ərazisini tərk etmək istəyən ermənilərin təhlükəsiz və insan ləyaqətinin qorunması şəraitində gedişinə şərait yaratmaq idi ki, istər yerli, istərsə də əcnəbi media orqanlarının monitorinqi altında proseslərin audiovizual qaydada sənədləşdirilməsi şəraitində erməni əsilli sakinlər 90-cı illərdə Qarabağ və Şərqi Zəngəzurdan zorla qovulmaları, yaxud 80-ci illərin sonunda Ermənistandan azərbaycanlılara qarşı çoxsaylı cinayətlər fonunda didərgin salınmaları formasından fərqli olaraq dinc və rahat şəraitdə sərhədlərimizi tərk etdilər. Əlbəttə, Azərbaycan Respublikası Prezidentinin dəfələrlə ifadə etdiyi kimi Qarabağın erməni əsilli sakinlərinin geri dönüşünün əleyhinə deyil, lakin eyni zamanda dəfələrlə ifadə olunduğu kimi qayıdış universal hüquqdur və yalnız erməni əsilli sakinləri yox, həm də azərbaycanlıların Ermənistandakı qədim ata-baba yurdlarına qayıtmaq hüququnu ehtiva etməlidir. Bu mənada hansısa beynəlxalq platformada 30 minə yaxın erməninin Qarabağa qayıtması barədə danışarkən 350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”-deyən deputat vurğulayıb ki, Ermənistanın dövlət və hökumət rəsmiləri ermənilərin Qarabağa qayıdışından danışarkən birmənalı şəkildə azərbaycanlıların Ermənistana qayıdışı məsələsindən başlamalı, üstəlik bu istiqamətdə yalnız müsbət ritorikalı bəyanatlarla kifayətlənmələyərək qayıdışın real mexanizmi və Ermənistanın Azərbaycan əsilli vətəndaşlarına verəcəyi təhlükəsizlik təminatının aydın formulu ortaya qoyulmalıdır.
İradə Cəlil, Bizimyol.info
